Azərbaycan, Azərbaycan

SOCAR-ın binasının yeni qiyməti maraqlıdır…

SOCAR-ın 2016-ci ilin mayında istifadəyə verilmiş yeni inzibati binasının (“SOCAR Tower”) tikintisinə çəkilən xərcin məbləği açıqlanıb.

“APA-Economics” bildirir ki, layihənin podratçısı olan “Tekfen” şirkəti binanın tikintisinin 414 mln. 237,659 min dollara başa gəldiyini açıqlayıb.

Xatırladaq ki, 2010-cu ildə SOCAR “Tekfen Construction and Installation Co.” şirkətlə tikinti müqaviləsini 235 milyon 400 min dollara bağlamışdı. Sonra bu məbləğ əlavə işlərlə əlaqədar bir qədər artırılmışdı.

2017-ci ilin sentyabrın 15-nə “SOCAR Tower”də işlərin 99,2%-i başa çatıb. “Tekfen” bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.

“SOCAR Tower” Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib. “SOCAR Tower” beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.