Azərbaycan

“Bahar” və “Qum-dəniz” yataqlarından hasilat göstəriciləri açıqlanıb

Bu ilin III rübündə “Bahar” qaz və “Qum dəniz” neft yatağı üzrə müqavilə sahəsindən gündəlik hasilatın həcmi orta hesabla 672 barel xam neft, 18,9 mln. kubfut qaz, 3 827 barel neft ekvivalenti olub.

Bu ilin III rübündə “Bahar Energy Ltd.”nin hüquqi satış həcmləri xam neft üçün gündəlik orta hesabla 573 barel, təbii qaz üçün 15 902 min kubfut, neft ekvivalenti ilə isə 3 223 barel, ilin əvvəlindən isə 651 barel neft, 16 767 min kubfut qaz, yaxud da 3446 neft ekvivalenti təşkil edib.

Məlumata görə, 2016-cı ilin analoji rübü ilə müqayisədə neft üçün satış həcmləri 23%, qaz üçün 8%, neft ekvivalenti ilə isə 11% azalıb, ilin əvvəlindən isə neft üçün satış həcmləri 19% azalıb, qaz üçün 11%, neft ekvivalenti ilə isə 4% artıb.

Bu ilin III rübündə “Bahar Energy” neftinin bir barelini orta hesabla 48,46 dollara satıb. Cari ilin 9 ayında isə neftin orta satış qiyməti 46,47 dollar/barel təşkil edib.

Ötən ilin III rübündə neftin satış qiyməti 40,86 dollar/barel, 9 ayda isə 36,91 dollar/barel olub.

Bu ilin III rübündə təbii qazın satış qiyməti 2,69 dollar/min kubfut, ilin əvvəlindən isə orta qiymət 3,12 dollar/min kubfut təşkil edib. Bu il aprelin əvvəlinə qədər təbii qazın müqavilə qiyməti 3,96 dollar/min kubfut olub. Bu ilin aprelin 1-dən isə 5 illik müqavilə qiyməti 2,69 dollar/min kubfutdur.

Bu ilin III rübündə “Greenfields Petroleum” şirkətinin xalis zərəri 2,4 mln. dollar, 9 ayda isə 6,9 mln. dollar olub. Bu da müvafiq olaraq hər səhmə görə 0,01 dollar və 0,04 dollar itkidir. Ötən ilin III rübündə isə şirkətin xalis gəliri 109,9 mln. dollar, 9 ayda isə 103,8 mln. dollar təşkil edib.

Bu ilin III rübündə əməliyyat xərclərinin həcmi büdcədən 18%, əsaslı xərclərin həcmi isə əhəmiyyətli dərəcədə aşağı olub.

Hesabat dövründə “Bahar Energy” əməliyyat şirkəti “Qum dəniz” yatağında 2 əsaslı və 7 xidməti təmir işini tamamlayıb. “Bahar” qaz yatağında isə 2 əsaslı təmir işləri davam edir və bu işlərin dekabr ayına tamamlanması gözlənilir.

Qeyd edək ki, hazırda “Bahar Energy Ltd.” şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir.

REPORT.AZ