Maraqlı Xəbərlər

TANAP layihəsinə AİB-dən $1,3 mlrd kredit cəlb olunacaq

Avropa İnvestisiya Bankı (EIB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 1,3 milyard dollar kredit ayırmağı nəzərdən keçirir.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O bildirib ki, kreditin 800 milyon dolları Azərbaycanın zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə (CQD), 500 milyon dollarlıq hissəsi isə Türkiyənin zəmanəti ilə “Botaş” şirkətinə veriləcək. Hazırda bank ilə danışıqlar davam edir və ilin sonunadək kreditin cəlbi planlaşdırılır: “Bununla da indiyədək TANAP üçün beynəlxalq maliyyə qurumlarından cəlb edilən vəsaitin həcmi 3,95 milyard dollara çatacaq. Hazırda TANAP-ın dəyəri 7,99 milyard dollar qiymətləndirilir. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib”.

Xatırladaq ki, oktyabrın 18-də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) TANAP layihəsi üçün Azərbaycana 500 milyon dollar kredit ayırıb. Bu vəsait “Cənub Qaz Dəhlizi”nin ən böyük hissəsini təşkil edən TANAP layihəsində istifadə edilməsi üçün “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılıb. Kredit CQD-nin TANAP üzrə öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsinə yönəldilib.

EBRD ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutları da TANAP layihəsini dəstəkləyib. Daha əvvəl Dünya Bankı TANAP-a 800 milyon dollar kredit ayırıb. Bu kreditin 400 milyon dolları Azərbaycanın zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə, qalan hissəsi isə Türkiyənin zəmanəti ilə “Botaş” şirkətinə verilib. Asiya İnfrastruktur İnvestisiya Bankı isə TANAP-a 600 milyon dollar maliyyə vəsaiti ayırıb.