Azərbaycan, Materiallar

İlham Əliyev AÇG-2 ilə bağlı fikirlərini açıqladı

Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib…

Belə bir bəyanatla Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Onun sözlərinə görə, “xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni müqavilə imzalanmışdır. Müqavilənin müddəti 2050-ci ilə qədər uzadıldı. Bu müqavilə bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir.”

“Baxmayaraq ki, “Əsrin müqaviləsi” də Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır”, deyə Prezident vurğulayıb.

İlham Əliyev bildirib ki, bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni müqavilənin podratçısı (əvvəlki müqavilədə SOCAR Əməliyyat Şirkətində podratçı qismində təmsil olunmurdu – Caspian Barrel) kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək.

“Bu, çox gözəl şərtlərdir və “Əsrin müqaviləsi”nin uzadılması, yeni müqavilənin imzalanması tarixi hadisədir”, – Prezident bəyan edib.

İlham Əliyev daha sonra əlavə edib ki, digər nəhəng layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. “Bu istiqamətdə də işlər yaxşı gedir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində icra edilibdir. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilibdir. Bu rəqəmlər əslində göstərir ki, kontraktın uğurlu icrası təmin edilir”, – deyə dövlət başçısı enerji sektoru ilə bağlı fikirlərini yekunlaşdırıb.

Caspian Barrel President.az saytının materillarından istifadə edərək