Pərviz Oqtay oğlu Şahbazov Prezident İlham Əliyevin Sərəncamı ilə oktyabrın 12-də energetika naziri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Azərbaycanın energetika naziri postu 2017-ci il iyunun 9-dan vakant qalırdı. Keçmiş energetika naziri Natiq Əliyevin səhhəti iyunun əvvəlində qəfil pisləşmişdi və iyunun 9-da o, müalicə aldığı İstanbuldakı klinikada dünyasını dəyişmişdi.
Pərviz Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycanın Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
2005-2016-cı illərdə Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olub.
Ailəlidir, iki övladı var.
Pərviz Şahbazov Azərbaycan Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur.