Azərbaycan, Materiallar

Neft Fondu son iki ayda AÇG-dən nə qədər qazanıb?

Avqust-sentyabr aylarında Neft Fonduna “Azəri-Çıraq-Günəşli” blokundan dövlətin payına düşən neftin ixracından $965 mln mənfəət daxil olub.

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $4 mlrd. 574 mln. gəlir əldə edib.

Caspian Barrel-ə Neft Fondundan verilən məlumata görə, ümumilikdə 2001-ci ildən 2017-ci il oktyabrın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $126 mlrd. 683 mln. məbləğində vəsait daxil olub.

Xatırladaq ki, 2016-cı ARDNF “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $5,1 mlrd. gəlir əldə edib. 2015-ci ildə bu göstərici $7,26 mlrd təşkil etmişdi. Fonda AÇG blokundan ən çox daxil olmalar isə 2011-ci ildə qeydə alınmışdı – $19,3 mlrd-dan çox.

* “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Hasilat 1997-ci ilin noyabrında başlasa da, Azərbqaycan ilk mənfəət neftini 1999-cu ilin dekabrında əldə edib. Həmin zaman dövlət başçısının fərmanı ilə Neft Fondu təsis edilib. Ancaq onun praktik fəaliyyəti 2001-ci ilin iyununda başlayıb. O zamana qədər əldə edilən gəlirlər isə Mərkəzi Bankda açılmış xüsusi hesabda toplanıb.

İlham Şaban