Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki layihələri çərçivəsində yeni bir zəfərə imza atıb.
Caspian Barrel -ə SOCAR-dan verilən məlumata görə, 450 milyon dollarlıq sərmayə ilə, 2016-cl ildə fəaliyyətə başlayan, Egey bölgəsinin ən böyük inteqrasiya limanı olan Petlimin (İzmir bölgəsi) ikinci mərhələsinin tikintisi başa çatıb.
İkinci mərhələdə, ölçüləri 350 metri aşan, dünyanın ən böyük konteyner gəmilərinin yanaşa biləcəyi və 57 futbol meydançası böyüklüyündə anbar sahəsinə sahib olacaq Petlimdə, həcm ikiqat artacaq.
Caspian Barrel xatırladır ki, “Petlim Limançılık Ticaret A.Ş” şirkətinin 1,5 milyon konteyner saxlama gücünə malik terminalının birinci mərhələsi üzrə işlər 2016-cı il dekabrın əvvəlində başa çatdırılıb və əməliyyatlara başlanılıb. Birinci mərhələnin potensialı 800 min konteyner idi.
Konteyner limanı idarəçiliyi üzrə dünyanın lider qurumu olan “APM Terminals” ilə strateji əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayan Petlim limanı SOCAR-ın hazırkı və gələcək logistik tələblərinin ödənilməsini hədəfə alıb.