Rusiya

Moskva Azərbaycanda neft hasilatının azalmasına inanmır

Rusiyadan Azərbaycana gözlənilməz ittiham: “Razılaşmaya əməl etmir…”

Rusiyanın Mərkəzi Bankı gözlənilmədən Azərbaycanı hasilatın azaldılmasına dair OPEC+ razlaşmasını (OPEC üzvü olan ölkələr və kartelə daxil olmayan ölkələr qrupu) pozmaqda ittiham edib. Virtualaz.org Rusiy KİV-lərinə istinadən xəbər verir ki, belə ittiham Mərkəzi Bankın sentyabr ayı üçün makroiqtisadi hesabatında səslənir. Hesabatda rublun dəyərdən düşməsi riskləri və iqtisadiyyatın bərpasına dair proqnozlar əksini tapıb.

İttiham isə ona görə gözlənilməzdir ki, Azərbaycan OPEC+ razılaşmasına vaxtlı-vaxtında əməl edən ölkələrdən biridir. Bir tərəfdən Azərbaycanda bu razılaşmadan əvvəl də hasilatın hər il tədricən azalması prosesi baş verirdi, o biri tərəfdən Bakı neftin qiymətinin artmasında ən çox maarqlı olanlardan biri kimi hasilatı məhdudlaşdırmaq təşəbbüslərinə əvvəldən dəstək verib, bu barədə danışıqlarda fəal iştirakçı olub.

Lakin Rusiya Mərkəzi Bankı bildirir ki, neft ixracatçıları dünya bazarında neftin qiymətini ABŞ, Qazaxıstan, Azərbaycan və “hasilatın məhdudlaşdırılması üzrə OPEC+ razılaşmasını pozan digər intizamsız ölkələrin” hasilatı artırması üzündən tənzimləyə bilmir.

Xatırladaq ki, hasilatın sutkada 1.2 milyon barrel azaldılmasına dair OPEC+ razılaşması formal olaraq 2018-ci ilin martına qədər qüvvədə olacaq. Bu razılaşmanın hazırlanmasında Rusiya fəal rol oynayıb. Çünki sanksiyaların təsiri altında əzilən Rusiya iqtisadiyyatı və büdcəsi neftin qiymətlərindən kritik asılıdır. ABŞ isə ümumiyyətlə hasilatın azaldılmasına dair heç bir danışıqlarda yer almayıb və OPEC+ razılaşmasının iştirakçısı deyil. Bu səbəbdən Rusiya Mərkəzi Bankının ittihamı birbaşa ABŞ-a aid deyil, hesabatda Azərbaycan və Qazaxıstan hədəfə alınır. Hansı ki, Qazaxıstan da hasilatı artırmaqla bağlı ittihamları qəti rədd edir.

Mərkəzi Bank bildirir ki, Rusiya razılaşmaya 100 faiz əməl edir, yəni hasilatı sutkada 300 min barel azaldıb. “Azərbaycan, Qazaxıstan, Meksika, Oman isə əvvəlki kimi üzərlərinə götürdüyü kvotanın 70 faizinə əməl edir”-hesabatda deyilir.

Hesabata əsasən Ekvadorun OPEC+ razılaşmasından çıxmağa hazırlaşması əlavə risk yaradır, çünki onun ardınca İraq da razılaşmanı tərk edə bilər.

Caspian Barrel isə xatırladır ki, Azərbaycan 2016-cı il dekabrın 10-da Vyanada OPEK+ ölkələri ilə OPEK arasında razılıq əldə edərkən onun oktyabr ayına olan göstəricilərdən (gündəlik hasilat 835 min barel) hasilatı 6 ay ərzində 35 min barel azaltması xahiş edilmişdi (burada tələb yox idi, çünki OPEK-ə daxil olmayan 11 neft ixrac edən ölkə öz istəyi ilə neft kartelinin çağırışına dəstək nümayiş etdirirdi). Azərbaycan energetika nazirliyinin rəsmi açıqlamasına görə, 2017-ci il iyun ayının yekunlarına görə ölkədə gündəlik neft və kondensat hasilatı 793,7 min barrel, avqust ayının yekunlarına əsasən isə 734,8 min barel təşkil edib. Sonuncu ayda Azərbaycan gündəlik 617,6 min barel xam neft, 30,8 min barel kondensat, 6,6 min barel isə neft məhsulları ixrac edib.

Yəni Rusiya Mərkəzi Bankının hansı səbəblərdən Azərbaycandan narazı qalması bəlli deyil…

Virtualaz.org