Qazaxıstan

“Kaşaqan” yatağında hasilat və proqnoz göstəriciləri

Qazın laylara vurulmasından sonra hasilat hədəfinə 2018-ci ilin II yarısında çatmaq mümkün olacaqQazaxıstan nəhəng “Kaşaqan” yatağından 2017-ci ilin sonuna olan gündəlik neft hasilatı üzrə proqnozunu 300-370 min bareldən 270 min barelə qədər azaldıb.

Bu barədə “Reuters” agentliyinin yazılı məktubuna cavab olaraq Qazaxıstan Energetika Nazirliyinin Mətbuat xidməti “Kazmunayqaz ” şirkətinin yaratdığı PSA (Production Sharing Agreement) törəmə şirkətinə istinadən xəbər verib.

Törəmə şirkətindən bildirilib ki, hasilatın azalmasına səbəb yataqda hasilat prosesinin bir hissəsi olan məcburi işlərin aparılması nəticəsində qısamüddətli fasilələr olub. Hazırda gündəlik neft hasilatı 170-180 min barel arasında dəyişir.

Yatağın operatoru olan “North Caspian Operating Company” (NCOC) şirkətindən “Reuters”ə verilən məlumata görə,

avqust ayında qazın laylara vurulmasından sonra 2018-ci ilin II yarısından etibarən hasilat hədəflənən 300-370 min barel/gün səviyyəsinə çatdırılacaq.

Xatırladaq ki, “Kaşaqan” yatağı 2000-ci ilin iyun ayında açılıb. Onun ilk fazasının işlənməyə başlanması 2005-ci ilə planlaşdırılsa da, sonradan bu üç dəfə təxirə salınıb və nəhayət, ilk neft hasilatı 2013-cü ilin sentyabrında baş tutub. Ancaq heç iki həftə də keçməyib ki, əməliyyat şirkəti hasilatı dayandırmalı olub. Ona görə ki, quyulardan çıxan neft dənizin dibi ilə sahilə çəkilmiş boru kəmərlərini aşılamağa başlayıb və nəticədə ekoloji təhlükə səbəbindən hasilat əvvəlcə dayandırılıb, sonra isə aparılan tədqiqatlardan sonra bütün sualtı boru infrastrukturunun yenilənməsinə qərar verilib. Nəticədə əməliyyat şirkətinin kapital xərcləri daha 2 milyard dollar artıb. İndiyə qədər “Kaşaqan” yatağına nə qədər əsaslı kapital xərci edilməsi ilə bağlı ictimaiyyətə dəqiq məlumat verilməyib. Ancaq bilinən odur ki, bu göstərici 50 milyard ABŞ dollarından çoxdur.

NCOC 2016-cı ilin 28 sentyabr tarixində “Kaşaqan”da hasilatı üç illik fasilədən sonra bərpa edə bildi. 14 oktyabr 2017-ci il tarixdən yataqdan hasil edilmiş ilk neftin CPC boru kəməri ilə Novorossiysk terminalına daşınmasına başlanıldı. Noyabr ayında orta günlük neft hasilatı 75 min barelə çatmışdı. 2017-ci il aprelin əvvəlinə artıq müqavilə sahəsindən 2 mln ton neft hasil edilmişdi.

Hasilatın davam etdiyi  demək olar ki, birinci ilində – yataqdan 6 milyonuncu ton neft çıxarılıb.

Caspian Barrel kursiv.kz saytına istinadən xəbər verir ki, NCOC-dan verilən məlumata görə, sentyabrın 23 tarixində “Kaşaqan” yatağından hasilat başlayan müddətdən 6 milyon ton neft və 1,7 mlrd m3 əmtəəlik qaz hasil edilib. Hasil edilən qaz “KazTransGaz” şirkətinin nəqletmə sisteminə vurulub.

Xatırladaq ki, 2016-cı ildə “Kaşaqan” yatağından 1 milyon ton neft və 680 milyon kub metr qaz hasil edilmişdi. Bu il üçün 8,9 mln ton neft və 5,7 mlrd m3 qaz hasilatı planlaşdırılmışdı. Belə görünür ki, NCOC həqiqətən 2017-ci il üçün cari ilin əvvəlində nəzərdə tutupulan proqnoz göstəricilərinə əməl edə bilməyəcək. Əsasən də qaz hasilatı sayəsində.

İlham Şaban