logo

“Cənub qaz dəhlizi” layihələri üzrə öhdəlik 62% icra olunub

Views: 120

Bu il “Cənub Qaz Dəhlizi” QSC-nin həyata keçirdiyi layihələr üzrə 1 milyard 671 milyon dollar məbləğində investisiya edilib.

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 95,9 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 89,8 faizi, Trans-Anadolu (TANAP) boru kəmərinin inşası üzrə işlərin 80 faizi, Trans-Adriatik (TAP) kəmərinin inşası üzrə işlərin 50,7 faizi icra edilib.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib. O qeyd edib ki, cari ilin əvvəlindən sentyabrın 15-dək “Cənub Qaz Dəhlizi” layihələrində CQD-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 1 milyard 671 milyon dollar məbləğində investisiya qoyulub.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihələrində “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsi üçün 2014-2020-ci illər üzrə ümumi tələb olunan təqribən 12,3 milyard ABŞ dolları məbləğində vəsaitdən bu il sentyabrın 15-dək 7,6 milyard dollarlıq hissəsi, yəni təxminən 62 faizi icra edilib.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, CQBKG, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

  • “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il tarixli 25 fevral Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Nihad Budaqov

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart