Maraqlı Xəbərlər

Azərbaycan I yarımillikdə Türkiyəyə qaz ixracını 3% artırıb

Azərbaycan iyun ayında Türkiyəyə 575,05 mln. kubmetr qaz ixrac edib

Azərbaycan 2017-ci ilin birinci yarısında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə 3 mlrd. 343,85 mln. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,7% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.

İyun ayında bu ölkəyə 575,05 mln. kubmetr qaz ixrac edilib. Türkiyəyə qaz tədarükünün ümumi həcmində təqribən 15,93% Azərbaycan qazının payına düşüb.

Hesabat ayında Türkiyəyə ümumi qaz ixracı 3 mlrd. 609,89 mln. kubmetr təşkil edib (artım 13,76%).

Qurumun məlumatına görə, 2016-cı ildə Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edilib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.