Azərbaycan, Materiallar

AÇG üzrə yeni müqavilədə SOCAR-ın payı 25%-dək artırılıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilə qədər işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində SOCAR şirkətinin payı 25% təşkil edəcək.

Bunu Azərbaycan prezidenti İlham Əliyev imzalanma mərasimindəki çıxışında deyib.

“Bu gün Azərbaycanın tarixində əlamətdar gündür. AÇG yataqlar blokunun işlənməsində yeni dövr başlayır”, – İ.Əliyev sentybrın 14-də AÇG yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimində bildirib.

Onun sözlərinə görə, yeni saziş Azərbaycan üçün daha münasib şərlərə əsasən imzalanacaq.

“Xüsusilə, yeni sazişdə SOCAR-ın payı 25% təşkil edəcək (qüvvədə olan sazişdə 11,65%-dir). Bundan başqa, saziş imzalandıqdan sonra xarici investorlar tərəfindən Azərbaycana müxtəlif bonuslar formasında $3,6 mlrd. ödəniləcək, mənfəət neftinin payı 75% təşkil edəcək”, – o əlavə edib.

İ.Əliyev vurğulayıb ki, “Əsrin müqaviləsi” imzalandığı zaman AÇG blokunda neft ehtiyatları 511 mln. ton səviyyəsində proqnozlaşdırılırdı. “Lakin real ehtiyatlar proqnozlardan artıq oldu. Hazırda AÇG blokunda 500 mln. ton hasil olunmayan neft ehtiyatları var”, – prezident qeyd edib.

Azərbaycan Prezidenti həmçinin onu da bildirib ki, 1997-ci ilin noyabrından indiyədək AÇG blokundan 436 milyon ton və ya 3,2 milyard barel neft hasil edilib.