logo

Abşeron yatağının işlənmə Proqramı noyabrda hazır olacaq

Views: 176

2017-ci ilin noyabr ayında “Abşeron” yatağının işlənməsi Proqramı SOCAR-a təqdim ediləcək. İlkin qaz hasilatına 2019-cu ilin sonunda başlanması planlaşdırılır.

Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Neftçilər  günü” ilə əlaqədar rəsmi mətbuatda dərc olunan yazısında qeyd edib.

Onun sözlərinə görə, 2019-cu ilin sonunda Xəzər dənizinin Azərbaycan sektorunda “Abşeron” yatağından qaz hasil edilməsinə başlanması gözlənilir.

O vurğulayıb ki, TOTAL 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının (350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat) olduğunu təsdiqləyib.

X.Yusifzadə qeyd edib ki, 2017-ci ilin sonundan etibarən bu yataqda kəşfiyyat qazma işləri davam etdiriləcək.

Xəbər verildiyi kimi, “Abşeron” yatağının işlənməsi üzrə I mərhələyə 450 metr dərinlikdə bir quyunun qazılması daxildir. Qazma işlərinə yaxın bir neçə ay ərzində başlanacaq. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Quyudan sutkalıq 2 min ton kondensat və 4,3 mln. kubmetr qazın hasil ediləcəyi gözlənilir.

Birinci mərhələ çərçivəsində illik 1,5 mlrd. kubmetr, ikinci mərhələ çərçivəsində illik 5-6 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur, bu da pik həddir. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcək.

2016-cı il noyabrın 21-də SOCAR və TOTAL arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (40%), TOTAL (40% – operator) və “GDF Suez” (20%) şirkətləridir. “Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir.

Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv.km təşkil edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart