Azərbaycan, Materiallar

“Şahdəniz” yatağında hasilat dayandırıldı

“BP-Azerbaijan” şirkəti dünən “Şahdəniz” platformasında profilaktik işlərin aparılması üçün qaz və kondensat hasilatını dayandırıb. 

“Profilaktik işlər illik iş proqramına daxil edilib və avqustun 14-dən etibarən 14 gün davam edəcək. Plana əsasən, sözügedən işlərin aparıldığı dövrdə “Şahdəniz” platformasından qaz və kondensat hasilatı dayandırılacaq”, – deyə “BP-Azerbaijan” şirkətinin məlumatında bildirilir.

Bu planlaşdırılmış proqramlar müntəzəm təftiş, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Profilaktik işlər proqramı “Şahdəniz Mərhələ 1” (Alfa) platformasında, Səngəçal terminalındakı “Şahdəniz” qurğularında və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemində də həyata keçiriləcək.

Proqrama “Şahdəniz Mərhələ 1” və “Mərhələ 2” qurğuları arasında keçid xətti üçün birləşdirmələr, Gürcüstanda 1-ci nasos stansiyasındakı qaz ölçü və təhvilvermə qurğusunun yenidən qurulması kimi müxtəlif layihə işləri də daxildir.

“Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2016-cı ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2017-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilib”, – deyə məlumatda qeyd olunur.

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun platformalarının hamısından – “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Çıraq”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.