Maraqlı Xəbərlər

Breksit – Böyük Britaniya və Aİ münasibətləri – təhlil

Həmid Əhmədlinin nəzər nöqtəsindən

7526711Giriş

Birləşmiş Krallığın Aİ-dən ayrılması ilə əlaqədar keçirilmiş referendum, onun nəticəsi və mümkün təsirləri qitənin gələcəyi haqqında ortaya bir sıra suallar çıxarmışdır. İlk növbədə qeyd edək ki, “Britain” (Britaniya) və “Exit”(çıxış) sözlərinin birləşməsindən yaranmış Brexit (Breksit) sözü Böyük Britaniyanın Aİ-dən ayrılması mənasında işlədilir. Aİ ideyası İkinci Dünya müharibəsindən sonra Avropada iqtisadi əməkdaşlığı təmin edərək gələcəkdə baş verə biləcək müharibələrdən qorunmaq məqsədi ilə 1951-ci ildə Avropa Kömür və Polad Birliyinin yaradılması ilə təşəkkül tapmışdır. Bu ideya təkcə iqtisadi maraqları təmin etmirdi, o həm də bu günədək köhnə qitədə siyasi sabitliyin qarantı rolunu oynayır. Aİ-nin yaxın tarixinə baxsaq və Qrelandiya prosesini nəzərə almasaq, bu günədək hər hansı bir ölkənin İttifaqa daxil olduqdan sonra oranı tərk etməsi hadisəsi ilk dəfə baş verirdi.

Avropa İttifaqı və Böyük Britaniya əlaqələri

Şərqlə Qərb arasında “soyuq müharibə”nin davam etməsinə baxmayaraq, 1957-ci ildə qurucu ölkələr arasında Roma Müqaviləsi imzalanmışdı. Bu müqaviləyə əsasən Avropa İqtisadi Birliyinin yaradılması, üzv dövlətlər arasında gömrük rüsumlarının ləğv edilməsi, xidmətlərin, məhsulların və insanların azad hərəkətinin təmin edilməsi, və digər vahid iqtisadi və siyasi qurumların yaradılması qərara alınmışdı. Bunun bir nəticəsi kimi, 1958-ci il yanvarın 1-dən etibarən Avropa İqtisadi Birliyi (AİB) yaradıldı [1]. Baxmayaraq ki, vahid Avropa ideyasını Britaniyanın baş naziri Vinston Çörçill də dəstəkləmişdi və bu strukturun bir növ Birləşmiş Avropa Dövləti olaraq sülhü, təhlükəsizliyi və azadlığı qoruyacağına inanırdı [2], ancaq İttifaq yaradılarkən Britaniya burada qurucu üzv kimi iştirakdan imtina etmişdi. İqtisadiyyatının zəifləməsi, o cümlədən Fransa və Almaniyanın güclü alyans formalaşdırması, Britaniyanın baxışlarının dəyişməsinə səbəb oldu. Ancaq Britaniyanın AİB-ə qoşulmaq istəyi Fransa Prezidenti Şarl de Qoll tərəfindən iki dəfə veto edildi. Bəziləri bunun səbəbinin tarixi ingilis-fransız düşmənçiliyinə bağlı olduğunu, bəziləri isə Şarl de Qollun Britaniyanı Birləşmiş Ştatların Avropada yerləşən müttəfiqi kimi düşündüyünü söyləyir. Ancaq reallıq budur ki, Şarl de Qoll Britaniyanın üzvlüyünün Parisin nüfuzunu azaldacağından qorxurdu [3]. Hətta ingilis dilinin qitədə əsas ünsiyyət vasitəsinə çevrilməsi belə fransızların görmək istəmədikləri vəziyyət idi. Yalnız Şarl de Qoll hakimiyyətdən getdikdən sonra 1973-cü ildə Britaniyanın AİB-ə üzvlüyünə icazə verildi və 1975-ci ildə bununla bağlı olaraq adada referendum keçirildi. Marqarita Tetçerin üzvü olduğu Mühafizəkarlar Partiyasının da dəstəklədiyi  bu layihə əhalinin 67%-nin səs verməsi ilə legitimliyini qazandı. Bundan sonraki dövrlərdə tez-tez Britaniya və Aİ arasında bir sıra məsələlərə  fərqli baxışlar müşahidə edilmişdi. Hətta 1983-cü ildə İşçi Partiyasının lideri Mişel Fut “Britaniya üçün yeni ümid”[4] adlı manifestində Krallığın AİB-dən çıxması üçün danışıqlara başlayacağına söz vermişdi. Ancaq onun seçkilərdə məğlub olması bu fikri müvəqqəti olaraq ortadan qaldırdı. Ancaq 1992-ci ildə Maastrixt Müqaviləsinin imzalanması Britaniyanın bu qurumdan çıxmasına səbəb oldu. Müqaviləyə əsasən AİB-ə üzv ölkələrdə pul vahidi – avro tədavülə buraxılacaqdı. Bundan sonrakı dövr ərzində Böyük Britaniya nəinki milli valyutasını qoruyub saxladı, hətta Şengen zonası ilə bağlı Brüsseldən güzəştlər tələb edərək İttifaq daxilində varlığını davam etdirdi.

2015-ci ildə keçirilən seçkilərin qalibi olan D.Kamerun bütün Krallıq ərazisində 2017-ci ilin sonunadək Britaniyanın İttifaq daxilində qalması və ya onu tərk etməsi ilə bağlı referendumun keçiriləcəyinə söz verdi. Son bir neçə il ərzində Avropanın miqrant axınlarına məruz qalması və bunun Britaniyanın təhlükəsizliyinə mənfi təsir göstərməsi referendum və avroskeptik tərəfdarlarının artmasına səbəb olmuşdu. Ancaq 2015-ci ilin sonunda Aİ Britaniyanın İttifaqdan ayrılmasının qarşısını almaq üçün Baş nazir D.Kamerunun vurğuladığı problemli məsələlərlə bağlı danışıqlara başladı və 2016-cı ilin fevral ayında Brüsseldə Aİ-nin zirvə toplantısında hər iki tərəf arasında anlaşma sazişi imzalandı. İslahatlar paketində ada üçün həyati əhəmiyyət daşıyan bir sıra önəmli məsələlər danışıqlar predmeti idi. Bunlardan ən önəmlisi Aİ-nin şərq sərhədlərindən adaya gələn miqrantların ilk 4 il ərzində sosial yardımlardan kənar qalmasıdır. Yalnız bu vaxt məhdudiyyəti bitdikdən sonra hər hansı sosial yardım tələbi yerinə yetirilə bilər. Bu sistemin işləməsi üçün isə üzv ölkə sosial müdafiə və ictimai xidmətlərin həddindən artıq yükləndiyini rəsmi Brüsselə sübut etməlidir. Digər razılaşdırılmış önəmli bir məsələ isə İttifaqa üzv dövlətlərin parlamentlərinin yüzdə 55-nin Aİ-nin qəbul etdiyi qərarları dayandırması və ya dəyişdirməsinə icazə verən “qırmızı kart” sisteminin tətbiqi idi [5]. Təklif edilən digər bir qərar isə  Avrozonaya daxil olmayan doqquz ölkənin bu bölgə ilə bağlı qəbul ediləcək qərarlara narahatlıqlarını bildirə və zəmanət ala biləcəkləri sistemin yaradılması idi. Devid Kamerun əldə olunan razılaşmanın Britaniyaya xüsusi status verdiyini və keçiriləcək referendumda əhalinin Aİ-də qalması üçün təşviqat kampaniyası aparacağını bildirmişdi.

Breksit-in ən önəmli səbəbləri

Fevral ayında Brüsseldə Aİ liderlərinin zirvə toplantısında Böyük Britaniya ilə Aİ arasında razılaşmanın əldə olunması və bunun Britaniyaya xüsusi status verməsi  bir sıra ekspertləri, o cümlədən İttifaqın rəhbər şəxslərini referendumun gözləntiləri ilə bağlı pozitiv məcraya kökləmişdi. Ancaq son nəticə bütün dünya o cümlədən son yarım əsrdən çox müddətdə cazibə mərkəzi olaraq hər zaman genişlənməkdə olan Aİ üçün gözlənilməz oldu. Maraqlıdır ki, britaniyalıları narahat edən, onları avropalı qardaşlarını yarı yolda qoymağa məcbur edən nə və yaxud nələr idi?

  1. Suverenlik

Digər Avropa dövlətləri kimi Böyük Britaniya da Lissabon Müqaviləsinə uyğun olaraq bir sıra səlahiyyətlərini Brüsselə təhvil vermişdir. Ölkədə qanunverici hakimiyyətin xalq tərəfindən seçilən parlament tərəfindən icra edilməsinə baxmayaraq, son sözü Brüssel söyləyir. Bu hal Breksit tərəfdarlarının əlində İttifaqı tərk etmək üçün ən böyük bəhanə idi. Ancaq təxmini hesablamalara görə Britaniya qanunlarının 14-17%-i Aİ-yə üzv olmasından irəli gəlir. Eyni zamanda hökumətin təxminlərinə görə, Britaniyanın qəbul etdiyi böyük iqtisadi təsirə malik olan qanunların 50%-nin mənşəyi Aİ-nin qanunvericiliyinə dayanır [6]. Bu növ qanunlar isə kənd təsərrüfatı və balıqçılıq üçün subsidiyalar, ətraf mühit, nəqliyyat sövdələşmələri və digər bu kimi sahələri əhatə edir. Səlahiyyətlərin azalmasına baxmayaraq, Britaniya hökumətinin Aİ Nazirlər Məclisinin təkliflərinə qarşı səs vermək və hətta onları veto etmək hüquq var. Ancaq bütün üzv dövlətlər kimi Britaniya da Avropa Ədalət Məhkəməsinə tabe olmaq məcburiyyətindədir və heç kim Aİ-nin qərarlarını poza bilməz [7].

Britaniya müstəqilliyi üçün önəm kəsb edən vergilər, maliyyə, miqrasiya, valyuta, xarici siyasət, təhlükəsizlik və s.bu kimi məsələlərdə bugünədək azad fəaliyyət göstərmişdir. Ancaq Breksit tərəfdarları verilmiş bütün səlahiyyətlərin ölkəyə qaytarılmasını tələb edirdilər. Onların fikrincə, yalnız belə olan təqdirdə, ada dövləti əzəmətini qoruyub saxlaya bilər. Təsadüfi deyil ki, Devid Kamerun cari ilin fevralında Avropa Komissiyası ilə Britaniyanın İttifaqda qalması üçün davam edən danışıqların bir nəticəsi kimi Krallıq üçün vacib əhəmiyyət kəsb edən “qırmızı kart” sisteminin İttifaq ölkələrində tətbiq edilməsi haqqında razılıq əldə etmişdi. Bu sistem hər hansı bir üzv ölkə parlamentinə 55/100%-in tələbi ilə Aİ-nin qanun layihələrini dayandırma və ya dəyişdirmə səlahiyyəti verirdi [8].

  1. Miqrasiya

Britaniyada referendumun keçirilməsinə və son nəticədə Aİ-ni tərk etmək istəyənlərin qalib gəlməsinə təsir göstərən digər amil son illərdə ölkənin miqrant axınlarına məruz qalmasıdır. Aİ-nin fundamental müddəalarından biri olan azad hərəkət etmə İttifaq daxilində yaşayan insanların hər hansı bir ölkəyə sərbəst daxil olmasına və orada işçi kimi qalmasına icazə verir. Britaniya Avropanın vahid bazarına daxil olmaq üçün azad hərəkət haqqında qanuna tabe olmaq məcburiyyətindədir. Diaqramdan da göründüyü kimi 1995-2015-ci illər ərzində Krallığa gəlmiş miqrantların sayında 3 dəfə artım qeydə alınmışdır. Hal-hazırda Britaniyada digər Aİ ölkələrindən gəlmiş miqrantların sayısı 3 milyondur [9].

Şəkil 1. 1991-2015-ci illərdə Birləşmiş Krallığa gəlmiş immiqrantlar

sekil 1
Mənbə: Brexit and the Impact of Immigration on the UK – http://cep.lse.ac.uk/pubs/download/brexit05.pdf , p.2

Digər ölkələrdən fərqli olaraq Krallığa gəlmiş miqrantlar yüksəktəhsilli və ixtisaslı olması ilə seçilir. Bu onlara həm dövlət həm də özəl sektorda təmsil olunmağa imkan verir. Təbii ki, miqrantların həm ölkə iqtisadiyyatına, həm də dövlət xərclərinə təsiri çoxdur. Bəzi Breksit tərəfdarları yaranan təsirlərin neqativ olduğunun və gəlmələrin iş yerlərini ələ keçirməsinin ölkə ərazisində əmək haqlarının azalmasına və təhsil, səhiyyə kimi vacib ictimai xidmətlərin artan tələb qarşısında yüklənməsinə səbəb olduğu qənaətində idilər [10]. Ancaq nəzər almaq lazımdır ki, miqrantlar da yerli vətəndaşlar kimi vergi ödəyicisidirlər və buna görə də ictimai xidmətlərdən yararlanmaq hüquqları vardır. Hətta onların vergi ödəyicisi olması büdcə kəsirinin azalmasına kömək edir.

Ancaq son illərdə Orta Şərqdə davam edən müharibələr səbəbindən Avropaya gəlmiş miqrantların sayının kəskin şəkildə artmasının Britaniyanın təhlükəsizliyinə yaradacağı mənfi təsirlər və müəyyən qədər də ölkənin maliyyə naziri Corc Osbornun “əgər Britaniya Avropa İttifaqını tərk etməzsə, 2030-cu ilədək ölkəyə əlavə 3.3 milyon miqrant gələcək” söyləməsi Breksit tərəfdarlarının qələbə qazanmasına ciddi təsir etdi desək,yanılmarıq [11].

    3.  Təhlükəsizlik

Avropada “açıq qapı” siyasətinin aparılması və Şengen sisteminin fəaliyyət göstərməsi son illərdə digər ölkələrdə olduğu kimi Britaniyada da təhlükəsizliklə bağlı narahatlıqları artırmışdır. “İslam dövləti” adlı terror qruplaşmasının son vaxtlarda Avropada həyata keçirdiyi silsilə terror hadisələri və Avropa vətəndaşlığını daşıyan minlərlə şəxslərin İraq və Suriyada terrorçu qruplar daxilində müharibələrdə iştirak etməsi problemin nə dərəcə ciddi olduğundan xəbər verir. Digər tərəfdən 2011-ci ildən etibarən Suriyada başlayan vətəndaş müharibəsinə görə yaşayış yerlərini tərk edən və bu günədək Avropaya üz tutan qaçqınlar Şengen zonası ölkələrinin təhlükəsizliyinə mənfi təsir göstərmiş və hətta bəzi üzv dövlətlər Avropa Komissiyasının təklifi ilə müvəqqəti sərhəd nəzarəti məntəqələri yaratmışdılar. Əlbəttə Britaniya Şengen zonasına qoşulmadığı üçün kütləvi qaçqın axınlarına məruz qalmamış, ancaq 2020-ci ilədək hökumət 20000 qaçqının qəbul olunacağını qeyd etmişdir [12]. Bunun mənəvi məsuliyyət olduğunu xatırladan Devid Kamerun bir sıra siyasətçilər tərəfindən də tənqid edilmişdir. Krallığın keçmiş əmək naziri olmuş Dunkan Smit Britaniyanın İttifaq daxilində qalmasını ölkə sərhədlərinin terroristlərə təhvil verilməsi anlamına gəldiyini söyləmişdir. Onu sözlərinə görə, açıq sərhədlər dövlətə insanları yoxlamağa və onlara nəzarət etməyə imkan vermir [13].

Bu gün Avropada hər hansı bir üzv ölkənin polis xidmətinin digər ölkənin məlumat bazasından istifadə edə biləcəyi bir sistem yaradılmışdır. Ancaq Avropanın hal-hazırda bəzi problemlər səbəbindən vahid kəşfiyyat və polis xidməti olmadığı üçün müasir çağırışlara operativ cavab tədbiri görə bilmir. Breksit tərəfdarlarına görə, zəif kəşfiyyat paylaşımı və daxili sərhədlərdə seyrək polis xidmətinin olması terroristlərin Avropa vasitəsi ilə Birləşmiş Krallığa gəlib çatmasına səbəb olur. Buna görə də Brüsselə təhlükəsizlik məsələlərinə müdaxilə etməsinə imkan vermək olmaz.

Referendumun nəticələri

İyunun 23-də Birləşmiş Krallıq ərazisində keçirilmiş referendumun nəticələrinə görə, səsvermədə iştirak etmiş əhalinin 51.9%-i ölkənin İttifaqın tərkibindən çıxmasına, 48.1%-i isə qalmasına səs vermişdir. Nəticələr nəzərdən keçirilən zaman İngiltərə və Uels əhalisinin İttifaqın tərkibindən çıxmaq istəyində olduğu məlum olmuşdur. Aşağıdakı şəkildə bunu daha aydın görə bilərik.

Xəritə 1. Birləşmiş Krallıqda keçirilmiş referendumun nəticələri

sekil 2
Mənbə: United Kingdom European Union membership referendum, 2016- https://en.wikipedia.org/wiki/United_Kingdom_European_Union_membership_referendum,_2016

Lakin paytaxt London başda olmaqla bir çox iri şəhərlərin, o cümlədən Birləşmiş Krallığın digər parçaları olan Şotlandiya və Şimali İrlandiyanın əhalisi İttifaq daxilində qalmaq istəmişdilər. Əslində bu vəziyyət Krallıq tərkibində olan bu iki ölkənin Aİ ilə bağlı münasibətlərinin və gələcək planlarının rəsmi Londondan fərqləndiyinin bir nəticəsi idi. Digər önəmli məsələ referenduma müxtəlif yaş qruplarından olan insanların fərqli münasibət bildirməsidir. Belə ki, səsvermə Britaniyada ölkənin inkişaf perspektivi ilə bağlı nəsillərarası uçurumun olduğunu göstərdi.

Şəkil 2. Müxtəlif yaş qruplarının referenduma baxışları

_90081129_eu_ref_uk_regions_leave_remain_gra624_by_age
Mənbə: EU Referendum/The result in maps and charts – http://www.bbc.com/news/uk-politics-36616028

Çünki gənclər, böyük şəhərlərin sakinləri və yüksək təhsillilər cidd-cəhdlə ölkənin İttifaq daxilində qalmasına çalışırdılar. Aİ-nin gənclərin təhsili və azad hərəkəti üçün yaratdığı münbit şərait onların referenduma göstərdikləri münasibətə ciddi şəkildə təsir etdiyini söyləyə bilərik. Referendumdan sonra yaşlı əhalinin nədən Breksit tərəfdarı olması haqqında Britaniyada sorğu keçirildi. Sorğunun nəticələri olduqca maraqlı idi. Məlum olmuşdur ki, milli kimlik bu məsələdə çox önəmli rol oynayır. Çünki adada özünü britaniyalı milli etnikinə aid edənlər ölkənin İttifaq daxilində qalmasını, ingiltərəli hesab edənlər isə ayrılıq tərəfdarlarını güclü şəkildə dəstəkləmişdilər. İngiltərə əhalisinin Krallıq daxilində olan digər xalqlara nisbətən bir neçə dəfə çox olması və 65 yaşdan yuxarı insanların ən azı 44%-nin özünü ingiltərəli milli etnikinə aid etməsi referendumun nəticələrinə ciddi təsir göstərmişdir [14]. Bundan başqa Krallığın ərazisində iqtisadi və sosial bərabərsizliyin hökm sürməsi fərqli ərazilərdə fərqli nəticələrin ortaya çıxmasına səbəb olmuşdu. Digər bir maraqlı nəticə isə iqtisadi olaraq Aİ-dən asılı olan bölgələrin əhalisinin böyük bir hissəsinin İttifaqı tərk etməyin tərəfdarı olmasıdır. Maraqlıdır ki bu bölgələrdə istehsal olunan məhsulların böyük bir hissəsi Aİ-yə üzv ölkələrə ixrac edilir [15]. Ən çox avroskeptiklərin və İttifaqı tərk etmək istəyində olan, o cümlədən dövlətdən müavinət alan yaşlı təbəqənin böyük əksəriyyətinin yaşadığı Şərq sahillərində də nəticələr Breksit tərəfdarlarının xeyrinə nəticələndi. Tərk etmək ideyasına ən böyük dəstək verən digər qruplar isə ali təhsili olmayan britaniyalılar və yarıixtisaslı və ya ixtisassız işçi sinifi idi ki, hər iki qrupun üzvlərinin çoxluq təşkil etdiyi bölgələrdə üstünlük tərk etmək tərəfdarlarında idi [16]. Bu hal bizə Britaniyada iqtisadi cəhətdən zəif olan təbəqələrin Breksit tərəfdarları içərisində önəmli yerə malik olduğunu bir daha göstərir. Miqrantların və Britaniyada doğulmayan əhalinin çoxluq təşkil etdiyi bölgələrdə yaşayanlar Krallığın İttifaq daxilində qalmasına tərəfdar idilər.

Burada diqqəti çəkən digər bir məqam son illərdə adada  hər zaman Britaniyanın Aİ-dən çıxmalı olduğunu söyləyən Birləşmiş Krallıq Müstəqillik Partiyasının nüfuz dairəsinin genişlənməsi və 2015-ci ildə keçirilən seçkilərdə ən böyük üçüncü partiya adını qazanması olmuşdur. Digər tərəfdən bu partiya artıq Mühafizəkarlar Partiyası və İşçi Partiyası daxilində özünə rəğbət qazandırmışdı.

Şəkil 3. Siyasi partiyaların son iki seçkidə inkişaf tendensiyaları

sekil 4
Mənbə: A background guide to “Brexit” from the European Union – http://www.economist.com/blogs/graphicdetail/2016/02/graphics-britain-s-referendum-eu-membership

Birləşmiş Krallıq Müstəqillik Partiyasının 2010-2015-ci illər ərzində seçicilərinin sayında 4 dəfədən çox artım qeydə alınmışdır. Buna səbəb kimi, həmin illər ərzində Britaniyada iqtisadi və sosial çətinliklərin artmasının və bununla yanaşı Krallığın miqrant böhranı ilə üz-üzə qalmasının adada avroskeptizm meyillərini gücləndirməsi göstərilə bilər. Bu partiya Breksit tərəfdarı olan cəbhənin aparıcı qüvvələrindən biri idi. Bu prosesdə onlara İşçi Partiyası və Mühafizəkarlar Partiyası kimi Britaniyanın böyük partiyaları dəstək verməmişdi. Hakim Mühafizəkarlar Partiyasının lideri olan keçmiş Baş nazir Devid Kamerun ölkənin Aİ-ni tərk etməsinin əleyhinə olmasına baxmayaraq, Londonun keçmiş meri, hal-hazırda Krallığın xarici işlər naziri olaraq fəaliyyətini davam etdirən Boris Conson Breksitin ən fəal tərəfdarlarından biri idi. Referendumun məlum nəticələrindən sonra Baş nazir D.Kamerun istefa vermiş, İşçi Partiyasının daxilində isə Ceremi Korbinin liderliyinə qarşı kampaniya başlamışdı. Buna səbəb kimi onun referendumda Krallığın Aİ-dən ayrılmasının mənfi nəticələrini İşçi Partiyasının seçicilərinə inandıra bilməməsi və fədakar fəaliyyət göstərməməsi qeyd edilirdi [17].

Breksitin Siyasi təsirləri

Böyük Britaniyanın Aİ-dən ayrılması İttifaqın gələcəyini yeni və gözlənilməz çağırışlarla üz-üzə qoyur. Artıq referendumun ilkin nəticələrinin elan olunması zamanı Aİ-nin bütün siyasi institutlarının rəhbərləri, o cümlədən aparıcı ölkələrin hökumət başçıları bunun təəssüf verici bir hal olduğunu və İttifaqa üzv digər dövlətlər üçün presedent daşımayacağını bildirmişdilər. Lakin avroskeptik qruplar və ultra-sağ partiyalar nəticələrdən razı görünürlər. Bu hal əslində onların nüfuzunun artmasına xidmət edir. Fransanın məşhur Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen nəticələri qələbə adlandırmış və referendumun bütün İttifaqa üzv ölkələrdə keçirilməsinin vacib olduğunu vurğulamışdı. Məhz Breksit Milli Cəbhə Partiyasının bu il keçirilmiş prezident seçkilərində daha çox səs qazanmasına şərait yaratdı. Anti miqrant və anti islam baxışları ilə tanınan Hollandiyanın Azadlıq Partiyasının rəhbəri Gert Vilder də həmkarından geri qalmayaraq ölkəsində tezliklə İttifaqdan ayrılmaqla bağlı referendumun keçirilməsini tələb etmişdi. Onun sözlərinə görə, ölkəsi miqrasiya və milli sərhədlərin qorunması siyasətini müstəqil şəkildə həyata keçirməlidir. Slovakiya və İsveç kimi ölkələrdə də ilk günlərdə bu tip partiyalar tərəfindən referendum tələbi eşidilməyə başlamışdı. Digər tərəfdən Aİ-yə daxil olmağa cəhd göstərən və yalnız İttifaqın çətiri altında siyasi sabitliyini davam etdirə bilən Balkan regionunda da referendumun nəticəsi böyük narahatlıq yaratmışdır. Çünki Breksitin nəticələri İttifaqın genişlənmə siyasətinin dayanmasına səbəb ola bilər ki, bu da region ölkələrinin inteqrasiya ümidlərini puç edə bilər. Beləliklə Birləşmiş Krallığın ayrılması ilk növbədə Aİ-nin inteqrasiya və genişlənmə siyasətinə böyük ölçüdə zərbə vura bilər. Hətta referendumdan öncə Avropa Şurasının Prezidenti Donald Tusk Breksitin yalnız Aİ-nin deyil bütövlükdə Qərb siyasi sivilizasiyasının dağılmasının başlanğıcı olacağını söyləmişdi [18]. Təbii ki, Donald Tuskun bu ifadələri İttifaqı tərk etmək istəyində olan sadə britaniyalıları fikrindən daşındırmaq məqsədi daşıyırdı. Son illərdə Avropada İttifaqın iqtisadi, siyasi və miqrasiya probleminin həlli yolları ilə razılaşmayan radikal sağ və avroskeptik partiyaların tərəfdarları artmaqda davam edir. Aşağıdaki şəkil 2009 və 2014-cü illərdə Avropa parlamentinə keçirilmiş seçkilərdə bu tip partiyaların qazandığı səs faizlərində ciddi bir artımın olduğu təsdiqləyir. Ancaq nəzərə almalıyıq ki, Krallığın ayrılması qitədə avroskeptik qrupların və milliyətçi partiyaların artan nüfuz dairəsinin daha da genişlənməsinə səbəb olacaq.

Şəkil 4. Avropa parlamentində sağ-avroskeptik partiyaların inkişaf dinamikası

sekil 5
Mənbə: The rise of Europe’s far-right looks like a trend – http://qz.com/214283/by-the-numbers-the-rise-of-europes-far-right-looks-like-a-trend-not-a-blip/

Breksitin nəticələri, əlbəttə ki, Şotlandiyanın statusu ilə bağlı məsələyə də də təsirsiz ötüşməyəcək. Çünki Şotlandiyanın Aİ-ilə ilə iqtisadi və siyasi münasibətləri strateji xarakter daşıyır. 2014-cü ildə ölkənin müstəqilliyi ilə bağlı keçirilmiş referendumun nəticələrinə görə, xalqın əksər hissəsi Şotlandiyanın Krallığın tərkibində qalmasının tərəfdarı idi. Həmin dövrdə ölkənin hakim partiyası olan Şotlandiya Milli Partiyası ölkənin Krallığın daxilində qalmasının Britaniyanın Aİ ilə münasibətlərindən asılı olduğunu bildirmişdi. Son referendumda da Şotlandiya əhalisinin adanın Aİ tərkibində qalmasının tərəfdarı olduğunu gördük. Ancaq nəticələr elan olunduqdan sonra partiya lideri Şotlandiya parlamentinin Böyük Britaniyanın İttifaqı tərk etməsi ilə bağlı referendumun nəticələrini qəbul etməyəcəyini və Şotlandiyanın maraqlarına qarşı yönəlmiş hər hansı bir sənədə səs verməyəcəklərini bildirdi [19]. O, həmçinin “Mən şotlandiyalıların Avropa İttifaqını tərk etməsini istəmirəm, çünki onlar buna səs verməyiblər və mənim prioritetim Şotlandiyanı İttifaq daxilində saxlamaqdır” deyə açıq şəkildə ölkəsinin maraqlarını qoruyacağını bildirmişdir [20]. Gözlənildiyi kimi, səsvermədən dərhal sonra Şotlandiya ilə Aİ arasında danışıqlar başlanmış və ölkənin Baş naziri Brüsseldə Aİ rəhbərləri ilə görüşlər keçirmişdir. Danışıqlar zamanı Şotlandiyanın vahid Avropa bazarlarında mövcudluğunun davam və Avropa instituları ilə əlaqələrin inkişaf etdirilməsi həmçinin gələcəkdə baş verə biləcək mümkün üzvlüklə bağlı müzakirələr aparılmışdır. Çünki referendumdan bir gün sonra Baş nazir N.Stercen Şotlandiyanın müstəqilliyi üçün ikinci referendumun masa üzərində olduğunu bildirmişdi [21]. Lakin bu məsələ bu gün rəsmi Brüssel üçün prioritet təşkil etmir. Bunun bir sıra səbəbləri var. Ən önəmlisi İttifaq daxilində olan ölkələrin bu məsələyə mənfi yanaşmasıdır. Fransa rəhbərliyi hal-hazırkı durumda Avropanın yalnız Böyük Britaniya ilə danışıqlar aparmasının tərəfdarı olduğunu açıqlamışdı. İspaniyanın Baş naziri Mariano Rajoy isə Şotlandiyanın Aİ ilə müzakirələr aparmasına heç bir səlahiyyətinin olmadığını və Krallığın aldığı tərk etmək qərarının Şotlandiya üçün də keçərli sayıldığını bildirmişdir [22]. İspaniyanın bu məsələdə israr etməsi onun daxilində var olan Kataloniya muxtariyyətinin bir neçə ildir mərkəzi hökumətə ayrılıq tələbini irəli sürməsi ilə bağlıdır. İspaniya dövləti başa düşür ki, əgər Breksit Şotlandiyanın müstəqilliyinə səbəb olacaqsa, bu, son nəticədə Kataloniyanın da İspaniyadan ayrılmasına gətirib çıxaracaq.

Bütün baş verən hadisələri nəzərə alan Amerikanın nüfuzlu “JP Morgan” bankının gözləntilərinə görə, Şotlandiya tezliklə müstəqilliyini qazanacaq və 2019-cu ildə öz valyutasını təsis edəcək [23].

Nəticə

Avropada sülhün və hərtərəfli sabitliyin qarantı olan birlik ideyası yaradıldığı gündən bu vaxtadək genişlənərək ölkələri öz çətiri altında birləşdirməyə nail olmuşdur. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bu gün İttifaq gözlənilməz çağırışlarla üz-üzə qalmış və bu hal onun inteqrasiya prosesini dayandırmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdur. Lakin sevindirici haldır ki, son bir il ərzində Hollandiya və Fransada keçirilmiş seçkilər populist və radikal sağ partiyaların məğlubiyyəti Böyük Britaniyada isə ayrılıq tərəfdarı olan Birləşmiş Krallıq Müstəqillik partiyasının növbədən kənar parlament seçkilərində seçicilərinin mütləq əksəriyyətini itirməsi ilə müşahidə olunmuşdur.  Cari ilin yanvar ayında Birləşmiş Krallıq Ali Məhkəməsinin referendumun nəticələri bağlı açıqlamasında Şotlandiyanın Breksitin nəticələrinə etiraz etməyə heç bir hüquqi səlahiyyətinin olmadığını bildirməsi və parlamentin Lordlar palatasının hökumətə Lissabon sazışinin 50-ci maddəsini rəhbər tutaraq İttifaqı tərk etməklə bağlı danışıqlara başlamasına icazə verməsi Krallıqda yenidən separatçı meyillərin güclənməsinə səbəb oldu. Hal-hazırda Şotlandiya hökuməti Birləşmiş Krallığın Aİ-dən ayrılacağı təqdirdə, ölkəsinin Aİ-nin vahid bazarında və Gömrük İttifaqında qalması üçün mübarizə aparmaqdadır. Əgər Şotlandiya bu prinsipial məsələdə istədiyini əldə edərsə, çox böyük ehtimalla yaxın perspektivdə müstəqilliklə bağlı fikirlərin ortadan qalxacağını müşahidə edə bilərik.

Breksitin nəticələri qitədə milliyətçi, avroskeptik və radikal-sağ partiyaların güclənməsinə, eləcə də separatçı meyillərin baş qaldırmasına təkan verəcək. Britaniyanın tərk etməsi sözsüz ki, anti-qloballaşma tərəfdarlarının artmasına səbəb olacaq. Çünki bu ideya ətrafında birləşənlər qloballaşmanın qitəyə gətirdiyi amansız ticari və iqtisadi rəqabətin, o cümlədən miqrant axınlarının son nəticədə insanların işlərini itirməsinə, milli-şirkətlərin isə zəifləməsinə səbəb olduğu fikrindədirlər. Gəlinən bu nəticənin ABŞ da keçirilmiş son prezident seçkilərində Donald Trampın qələbə qazanmasında payı şübhəsizdir.

Digər tərəfdən əgər Breksit Krallıq daxilində parçalanmaya gətirib çıxaracaqsa, bunun Aİ-nin üzvü olan digər ölkələrdə də təkrarlanması mümkündür. Bu həm də qitədə təhlükəsizliklə bağlı məsələlərin həllini çətinləşdirəcək. Avropolun (Avropa Polis Təşkilatı) rəhbəri Robert Veynraytın sözlərinə görə, Aİ-nin hüdudlarından və birgə əməkdaşlıqdan kənar qalaraq vətəndaşlarını terrorizmdən və cinayətkarlıqdan qorumaq Birləşmiş Krallıq üçün daha çətin olacaq. Birləşmiş Krallıq BMT Təhükəsizlik Şurasının və NATO-nun üzvü olmasına baxmayaraq, İttifaqdan ayrılması onun liderlik rolunun itirilməsinə gətirib çıxara bilər. Britaniyanın liderliyi olmadan Aİ-nin ortaq təhlükəsizlik və müdafiə siyasəti gücünü itirəcək [24]. İttifaq daxilində bu tip ayrılmaların baş verməsi ilk növbədə qitənin şərq sərhədləri boyu yerləşən və Aİ-nin şərqə doğru genişlənməsini öz milli təhlükəsizliyinə təhdid hesab edən Rusiya üçün sevindirici haldır. Əgər Avropanın vahid siyasi xətti olmayacaqsa, bu vəziyyət Rusiyanın İttifaqın şərq sərhədlərində yaradacağı destablizasiya hallarına adekvat cavab verməyə, o cümlədən tətbiq edilən sanksiyaların birmənalı olaraq dəstəklənməsinə maneə törədəcək.

İstifadə edilmiş ədəbiyyat :

  1. The history of the European Union – http://europa.eu/about-eu/eu-history/index_en.htm
  2. Winston Churchill speaking in Zurich 19th September 1946 – http://www.churchill-society-london.org.uk/astonish.html
  3. Please Leave, Why Brexit would Benefit Europe /21 June 2016/ – https://www.foreignaffairs.com/articles/united-kingdom/2016-06-21/please-leave
  4. BBC Rewind: 1983 Labour manifesto /13 April 2015/ – http://www.bbc.com/news/uk-politics-32287585
  5. AB’den İngiltere’ye özel reform paketi. /02.02.16/ – http://tr.euronews.com/2016/02/02/cameron-ab-nin-reform-onerilerini-memnuniyetle-karsiladi
  6. What would Brexit mean for British sovereignty? /8 June 2016/ – http://www.telegraph.co.uk/news/2016/05/19/how-does-the-eu-impinge-on-british-sovereignty-and-if-the-uk-vot
  7. UK and the EU: Sovereignty and laws. /31 May 2016/ – http://www.bbc.com/news/uk-politics-eu-referendum-36247456
  8. AB’den İngiltere’ye özel paket. /02.02.16/ – http://www.dw.com/tr/abden-ingiltereye-%C3%B6zel-paket/a-19020663
  9. UK and the EU: Immigration. /31 May 2016/ – http://www.bbc.com/news/uk-politics-eu-referendum-35763369
  10. Simon Tilford / Britain, immigration and Brexit / Centre for European Reform / issue 105, December 2015/January 2016 – https://www.cer.org.uk/sites/default/files/bulletin_105_st_article1.pdf
  11. Let THREE MILLION MORE into the UK: George Osborne admits to migrant surge if we stay in EU. /18 April 2016/ – https://www.thesun.co.uk/archives/politics/1134369/let-three-million-more-into-the-uk-george-osborne-admits-to-migrant-surge-if-we-stay-in-eu
  12. UK to take up to 20,000 Syrian refugees over five years, David Cameron confirms. /7 September 2015/ – https://www.theguardian.com/world/2015/sep/07/uk-will-accept-up-to-20000-syrian-refugees-david-cameron-confirms
  13. EU referendum: What are the pros and cons of Brexit? /27 June 2016/ – http://www.theweek.co.uk/brexit-0
  14. Brexit: Why did older voters choose to Leave the EU? /26 June 2016/ – http://www.independent.co.uk/news/uk/politics/brexit-why-did-old-people-vote-leave-young-voters-remain-eu-referendum-a7103996.html
  15. Brexit: voter turnout by age. /24 June 2016/ – http://blogs.ft.com/ftdata/2016/06/24/brexit-demographic-divide-eu-referendum-results/
  16. EU referendum: How the results compare to the UK’s educated, old and immigrant populations. /27 June 2016/ – http://www.telegraph.co.uk/news/2016/06/24/eu-referendum-how-the-results-compare-to-the-uks-educated-old-an
  17. Jeremy Corbin faces no-confidence motion after Brexit vote. /24 June 2016/ – https://next.ft.com/content/a035f3d2-39c4-11e6-a780-b48ed7b6126f
  18. The Problems a Brexit Won’t Solve. / 15 June 2016 / – https://www.stratfor.com/weekly/problems-brexit-wont-solve
  19. Nicola Sturgeon: Scottish parliament could block Brexit. / 26 June 2016 / – http://www.theguardian.com/politics/2016/jun/26/nicola-sturgeon-new-scottish-referendum-brexit
  20. Scotland could be at hearth of Brexit negotiations, says Scottish secretary. / 13 July 2016 / – http://www.bbc.com/news/uk-scotland-scotland-politics-36784529
  21. Sturgeon: 2nd Scottish referendum is on the table. / 24 June 2016 / – http://www.ft.com/fastft/2016/06/24/sturgeon-2nd-scottish-referendum-is-on-the-table/
  22. Brexit: Spain and France oppose Scotland EU talks. / 29 June 2016 / – http://www.bbc.com/news/uk-scotland-scotland-politics-36656980
  23. JP Morgan says Scottish independence, new currency now its ‘base case’. / 29 June 2016 / – http://www.reuters.com/article/us-britain-eu-scotland-jpmorgan-idUSKCN0ZF15Z
  24. Should It Stay or Should It Go? / 28 February 2016 / – https://www.foreignaffairs.com/articles/united-kingdom/2016-02-28/should-it-stay-or-should-it-go