Azərbaycan, Materiallar

Azərkimyada təmir işləri sentyabrın sonuna qədər yekunlaşacaq

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olub, “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub.

 

SOCAR-ın yaydığı xəbərə görə, R.Abdullayevə məlumat verilib ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində yekunlaşdırılacaq.

40 gün davam edəcək əsaslı təmir zamanı icra olunacaq tədbirlər planı SOCAR prezidentinə təqdim olunub, görüləcək işlərin təsnifatı müzakirə edilmişdir. Bildirilib ki, “Etilen-polietilen” zavodunda “TECHNİP İTALY S.p.A.” şirkəti tərəfindən icrasına start verilib və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular və yardımçı sahələr inşa olunacaq, bununla da müəssisənin istehsal gücü artırılacaq, “SOCAR-Polimer” layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye parkında tikilən Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, nəticə etibarilə də ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı gücləndiriləcək.

Eyni zamanda texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır. Kimyaçılarla görüşüb söhbət edən R.Abdullayev həyata keçirilən əsaslı təmir və modernləşdirmə işlərinin əhəmiyyətini vurğulayaraq, onlara uğurlar arzulayıb.

Sonra R.Abdullayev şirkətin balansında olan “Kimyaçı” Mədəniyyət Sarayına gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.