Azərbaycan, Materiallar

SOCAR qaz idxalı üçün Rusiyada danışıq aparır

Bu gün Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın “Gazprom” şirkətinin rəhbəri Aleksey Miller arasında görüş keçirilib.

“Gazprom” şirkətinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Rusiyadan Azərbaycana qaz ixracı məsələsi müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Rusiyadan 2000-ci ilin oktyabrından 2006-cı ilin dekabrın sonunadək qaz idxal edib. “Gazprom” şirkəti Azərbaycana bilavəsitə qaz ixracına 2004-cü ildə başlayıb. “Şahdəniz” yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb.

Caspian Barrel xatırladır ki, 2010-2013-cü illərdə SOCAR Dağıstan Respublikasını qazla təmin etmək üçün Rusiyaya mavi yanacaq ixracına başlayıb. 2015-ci ildə isə “Gazprom Export” (“Gazprom”un törəmə şirkəti) şirkəti Azərbaycan metanol zavodunun (AzMeCo) ehtiyacları üçün 108 milyon kub metr həcmində qaz satmışdı.

Burada bir məsələyə diqqəti yönəltmək istərdik ki, “Gazprom” şirkəti bu günkü görüş haqda öz saytında yerləşdirdiyi məlumatda ARAYIŞ kimi 11 sentyabr 2015-ci il tarixdə “Gazprom Export”la AzMeCo (hazırda bu özəl şirkət “SOCAR Methanol” adlanır və Dövlət Neft Şirkətinin strukturuna daxildir) arasında imzalanmış qaz alqı-satqısına dair sazişi də oxucuların diqqətinə çatdırır və xatırladır ki, həmin sənəd uzunmüddətlidir və Azərbaycan tərəfindən ildə 2 milyard kub metrə qədər mavi yanacağın alınmasını nəzərdə tutur.

Xatırlatmaq istərdik ki,  “SOCAR Methanol” zavodu 2017-ci ilin 5 ayında artıq 70 min 252,57 ton metanol istehsal edib. Zavodun baş direktoru Elnur Mustafayevin sözlərinə görə, 2017-ci ildə zavod 250 min ton metanol istehsal etməyi planlaşdırır. Zavodun illik istehsal gücü  isə 700 min tona qədərdir. Müəssisənin layihə gücündə məhsul istehsalı üçün təqribən 500 milyon kubmetrə qədər təbii qaz gərəkdir.

Caspian Barrel-in məlumatına görə, ümumilikdə Azərbaycan bu müddətdə Rusiyadan 25,8 milyard kub metr qaz idxal edib və buna görə $1,67 milyard vəsait ödəyib.

2016-cı ildə Azərbaycan az həcmdə qaz idxal edib (296 milyon kubmetr), ancaq həmin mavi yanacaq Rusiya mənşəli olmayıb.