Azərbaycan, Materiallar

SOCAR “Bulla-dəniz”də iki hasilat quyusu istifadəyə verəcək

2017-ci ilin oktyabr ayına qədər SOCAR “Bulla-dəniz” yatağında iki hasilat quyusunu istifadəyə verməyi planlaşdırır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.

“6 saylı dəniz özülündən qazılan 78 saylı quyu cari ilin iyul ayında istifadəyə veriləcək. Quyudan sutkalıq hasilatın 150 ton kondensat və 500 kubmetr qaz səviyyəsində olacağı gözlənilir. Sentyabrda 122 saylı dəniz özülündən 123 saylı quyunun istifadəyə verilməsi planlaşdırılır. Bu quyudan sutkalıq 150 ton kondensat və 800 min kubmetr qaz hasilatı gözlənilir”, – şirkətdən qeyd ediblər.

SOCAR-ın məlumatına görə, 2018-ci ildə “Bulla-dəniz” yatağında daha iki hasilat quyusunun istifadəyə verilməsi planlaşdırılır.

“Bundan başqa, 2018-ci ildə “Bulla-dəniz” yatağında 12 saylı stasionar dəniz özülünün istifadəyə verilməsi planlaşdırılır. Özülün tikintisinə cari ilin birinci rübündə başlanılıb”, şirkətdən bildiriblər.

Xəbər verildiyi kimi, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.İstehsalat və yaşayış sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, 1 helikopter meydançası, 2 minik meydançası, 2 yanalma meydançası, 1 ədəd məişət bloku, eləcə də digər zəruriavadanlıqlarla təchiz ediləcək.

Özülün ümumi sahəsi 4890 kvadrat metr olacaq.

5 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində yerləşdiriləcək və 5 dayaq blokunun üzərində yığılacaq.

12 saylı stasionar dəniz özülündən qazılacaq quyulardan ümumilikdə sutkada 2,5 milyon kubmetr qaz və 500 ton kondensat hasil olunacağı gözlənilir

Hazırda özülün tikintisi üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb. 3 dayaq blokunda və 21 metal lövhədən 11-ndə işlər davam etdirilir.