Maraqlı Xəbərlər

Neftin qiymətinə hansı amillər təsir göstərir?

Hazırda bazarda neftin təklifi kifayət qədərdir və dünyadakı iqtisadi artım enerjiyə olan tələbatı yetərincə ödəyir, ona görə də neft qiymətləri 50-dən aşağı dəhlizdədir.

“Cari ilin ilk 5 ayında neftin qiymətinin 50 dollardan yüksək olmasına baxmayaraq son 1 ayda qiymətlərdə azalma müşahidə edilib. OPEC-in öz daxilində orta sutkalıq hasilat 6 ayın nəticələrinə görə, ilin əvvəli ilə müqayisədə 260 min barel artıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.

Onun sözlərinə görə, ABŞ-da gündəlik neft hasilatı 6 ayda orta hesabla 350 min barel artıb: “Rusiya kimi neft nəhəngi, hansı ki, OPEC-lə hasilatın azaldılması ilə bağlı saziş imzalayıb, 2016-cı ilin oktyabr göstəriciləri ilə müqayisədə hasilatı azaltsa da, 2016-cı ilin birinci yarımilliyi ilə müqayisədə hasilatı artırıb. O cümlədən, hasilatın artımı OPEC-lə müqavilə imzalamış digər ölkədə – Qazaxıstanda qeydə alınıb.

Bütün bunlarla yanaşı digər tərəfdə OPEC – in kvotaları aid edilməyən üzv ölkələri var: Nigeriya və Liviya. Hər ikisində hasilat artır. İlin əvvəlindən təkcə Liviyada gündəlik hasilat 300 min barel artaraq 1 milyon barel təşkil edib.

Bütün bunları nəzərə alaraq nəticə kimi onu deyə bilərik ki, neft bazarında təklif kifayət qədərdir və dünya iqtisadiyyatının artan tempi onu üstələməyə hələ qadir deyil və məhz buna görə də neft öz REAL bazar qiymətində ticarət edilir və hər hansı SİYASİ motivlərin axtarılması bu halda yersizdir”.

İlham Şaban daha sonra qeyd edib ki, OPEC daxil olan ölkələrin və onlara dəstək olan 11 qeyri-OPEC hasilatçısının ötən ilin sonlarında hasilatı azaltması ilə qəbul etdiyi qərar istənilən halda bazara müsbət təsir edib. Əvvəla, hələ ötən ilin dekabrından, bu kvotalar qüvvəyə minməmişdən hasilatın azaldılması qeydə alındı, bazar bunu ciddi qarşıladı və neft qiymətləri cari ilin ilk rübü ərzində ortalama olaraq $54-dək yüksəldi. Bu, həddən artıq yüksək bir nəticə idi, çünki ötən ilin I rübü ilə müqayisədə neft qiymətləri təqribən 60%-dən çox artım nümayiş etdirdi. Düzdür, sonrakı aylarda neftin qiymətində azalma müşahidə olunsa da, ancaq ilk yarımilliyin nəticələrinə görə orta qiymət yenə də 50-dan aşağı deyil.

Ancaq qiymətin azalmasına təsir edən əsas amillərdən biri də bazar iştirakçıların “əhval-ruhiyyəsi” idi. “Belə ki, may konfransında OPEC hasilatın azaldılması ilə bağlı qərar qəbul etmədi, sadəcə 30 noyabr 2016-cı ildə qəbul edilmiş qərarı (hasilat göstəricilərinin 6 ay müddətində 01.01.2017 tarixindən başlayaraq gündəlik 1.2 mln barel azaldılması) 31.03.2018 tarixinə qədər uzatdı. Ona görə də bazar iştirakçıları OPEC-in bu qərarını məyusluqla qarşıladılar. Çünki təhlilçilərə aydın idi ki, artan neft həcmləri qarşılığında bir qədər sonra neft qiymətləri enməyə başlayacaq. Ancaq o fikirlə də razılaşmaq olmaz ki, neft yenidən 20-30 dollar dəhlizinə qədər ucuzlaşacaq. Belə bir hal 2016-cı ilin yanvarında qısa müddətdə yaşandı və ondan sonra qiymətlər artıma doğru getdi. Neft bazarında 2016-cı ilin iyunundan orta stabil qiymətlər formalaşıb: $45-55 dəhlizində. Yəni 1 ildir ki, hasilatçı və istehlakçılar bu diapazonda neftin alqı-satqısını öz biznesləri üçün komfort olmasa da, normal qəbul edirlər, çünki ortada ZİYAN deyil, mənfəət var. Aydın məsələdir ki, qlobal BAZAR qısamüddətli dövrlər nəzərə alınmasa, mənfəətdən kənarlaşmağa meyilli deyil”.

Ruqiyyə Nəcəfzadə, “Səs” İA