Azərbaycan, Materiallar

Natiq Əliyevin böyük planları var idi

Azərbaycanın keçmiş energetika naziri ölümündən əvvəl Xəzərin o tayına səfərə hazırlaşırmış

“Natiq Əliyev sözünün ağası idi”

“Natiq Əliyev Azərbaycan xalqının layiqli oğlu idi. O, həm də qazax xalqının böyük dostu, Qazaxıstanın ən nüfuzlu mükafatlarından birinin – “Kormet” ordeninin kavaleri idi”.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın energetika naziri, Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Kanat Bozumbayev Azərbaycan jurnalistlərinə müsahibəsində söyləyib. O, Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin xatirəsini anmaq və məzarına çiçəklər qoymaq üçün ikinci Fəxri xiyabanda olub:

“Natiq Əliyev ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfə verib, hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri olub. Sonuncu dəfə biz mayın 15-də Vyanada OPEC və qeyri-OPEC ölkələrinin iclasında görüşmüşük. Onun böyük planları vardı. “EKSPO-2017” sərgisinin açılışında iştirak etmək üçün iyunun 8-9-da Astanaya gəlməyə hazırlaşırdı. Təəssüf ki, tale elə gətirdi ki, ağsaqqal həmkarımız və dostumuz indi bizimlə deyil. Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun, onu sözünün ağası olan, müdrik məsləhəti ilə həmişə özündən kiçik həmkarına kömək edən gülərüz və dürüst insan kimi xatırlayacağam. O, müdrik, təcrübəli, xeyirxah və səmimi insan idi. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq”.

Azərbaycan-Qazaxıstan əlaqələrinə toxunan nazir deyib: “Prezident Nursultan Nazarbayevin Azərbaycana sonuncu səfəri zamanı ölkələrimizin başçıları hökumətlərarası komissiyanın həmsədrləri kimi qarşımıza ən qısa müddətdə komissiyanın iclasını keçirmək, əmtəə dövriyyəsinin genişləndirilməsi üzrə hərtərəfli tədbirlər görmək, iki ölkənin sosial-iqtisadi əməkdaşlığı üçün şərtləri yaxşılaşdırmaq vəzifəsi qoydular. Mərhum Natiq Əliyevlə iki ay “yol xəritəsi” üzərində intensiv işlədik və onu hazırladıq. Bu “yol xəritəsi” əmtəə dövriyyəsini iki dəfə artırmağa imkan verəcək. Ağsaqqal dostumun xatirəsinə ehtiram əlaməti olaraq çalışmalıyıq ki, əməkdaşlığımız yaxın illərdə yeni səviyyəyə yüksəlsin.