Azərbaycan, Materiallar

Nərimanov adına NQÇİ-də növbəti fövqəladə hadisə

Nərimanov adına NQÇİ-nin ərazisində qayıq meydançanın ayağına toxundu…xəsarət alanlar var

Bu gün saat 13:50 radələrində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən, qayıq idarəetməni itirib və 34 saylı meydançanın ayağına toxunub.

Caspian Barrel SOCAR-a istinadən məlumat verir ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı Bakı şəhər xəstəxanasına çatdırılıb.

SOCAR bildirir ki, qayıqla toqquşma nəticəsində meydançaya və orada çalışan SOCAR əməkdaşlarına heç bir zərər dəyməyib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Xatırladaq ki, 2014-cü ildən başlayaraq Nərimanov NQÇİ-nin ərazisində mütəmadi olaraq müxtəlif səpkidə (o cümlədən neftçilərin ölümü ilə) fövqəladə hallar baş verir.