Azərbaycan, Materiallar

Büdcədən SOCAR-a subsidiya verilməsi nəzərdə tutulur

SOCAR tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə

Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1 mlrd. 41 mln. manat artırılaraq 17 mlrd. 941 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2% çox olacaq.

APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində qeyd olunub.

Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 26,9%-ə bərabər olacaq ki, bu da təsdiq olunmuş göstəricidən 1,5% bənd çox deməkdir.

2016-cı il ərzində SOCAR tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına (Tarif Şurasının müəyyən etdiyi qiymətə əsasən əhaliyə) görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250 mln. manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib.

2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın 2383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq 2017-ci il üzr qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat artırılaraq 4,5 mlrd. manata çatdırılacaq.