Azərbaycan

Azərbaycanın energetika naziri ilə vida mərasimi – fotolar

Bu gün Dövlət təhlükəsizlik xidmətinin Mədəniyyət Mərkəzində iyunun 8-i axşam İstambulda dünyasını dəyişmiş Azərbaycanın energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilib.

Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak ediblər.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, Natiq Əliyev hər kəsin qəlbində xalqına, dövlətinə şərəflə xidmət etmiş şəxs kimi qalacaq.

O, N.Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər neft və qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə N.Əliyevlə bağlı xatirələrini bölüşüb. O, mərhumun həmişə Azərbaycanın maraqları uğrunda çalışdığını bildirib.

“Azərenerji” ASC prezidenti Etibar Piverdiyev də N.Əliyevin faydalı ömür sürdüyünü söyləyib.

“Azərişıq” ASC-nin sədri Balababa Rzayev N.Əliyevin Azərbaycanın neft strategiyasının həyata keçirilməsində mühüm rolunu vurğulayıb.

N.Əliyevin oğlu Fərhad Əliyev atasının müalicəsi və həyata qaytarılması üçün göstərilən səylərə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib: “O, gözəl ata, ailə basçısı idi”.

F.Əliyev atasının xatirəsini əziz tutaraq vida mərasiminə qatılanlara da minnətdarlığını bildirib.