Azərbaycan, Materiallar

Azərbaycanda neft hasilatı 2 aydır davamı olaraq artır

May ayı ərzində Azərbaycan üzrə gündəlik neft hasilatı 785,3 min barrel təşkil edib ki, bu da aprellə müqayisədə gündəlik 4,2 min barel artım deməkdir

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Həmin məlumatlara əsasən, cari ilin may ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 785,3 min barrel olub. Bunun 730,3 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib. Gündəlik 596,5 min barrel xam neft, 55 min barrel kondensat, 12,2 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, yanvar ayı ərzində Respublika üzrə gündəlik neft hasilatı 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında isə 781,1 min barrel olub olub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub.

Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində  OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.