Azərbaycan

AÇG-dən xaricilər çox qazanır, ya biz? – Araşdırma

Xarici şirkətlər Azərbaycan neftini su qiymətinə çıxarırlar və qaz vurub qazan doldururlar…

Azərbaycan cəmiyyətində vaxtaşırı olaraq bu məsələ gündəmə gəlir. Bu fikri kimdən desən eşitmək mümükündür: taksi sürücüsündən də, göyərti satandan da, müəllim-tələbədən də, qeyr-hökumət təşkilatları üzvülərindən də, jurnalistlərdən də,  elə Dövlət Neft Şirkəti  strukturlarında çalışan yerli neftçilərimizdən də.

Ancaq bir məqam var: məsələ işləməyə gələndə Azərbaycan vətəndaşları az qala hamılıqla xarici neft şirkətlərində işləməyə hazırdırlar, üzdə bunu deməsələr də…

Cəmiyyətdə belə bir təzadın yaranması, özü də Hasilatın Pay Bölgüsü üzrə ilk Sazişin imzalanmasından 23 ilə qədər zaman keçməsinə və bu müddətdə ümumiyyətlə 34 bu tip müqavilənin bağlanmasına baxmayaraq,  onunla izah oluna bilər ki, hökumət hələ də vətəndaşları bu sahədə görülən işlərlə inandıra bilməyib. Əslində vaxtaşırı doğru dürüst məlumatlar cəmiyyətə verilir, ancaq bunlar sadəcə quru statistik formada olduğundan insanlar tərəfindən  lazımi şəkildə ya qəbul edilmir, ya da rəqəmlər hazırkı dövrün tələblərinə müvafiq olaraq vizual şəklə salınıb geniş auditoriyaya çatdırılmır. Nəticədə yuxarıda söz açdığımız deyimlər gündəmə gəlir.

Bəs reallıq nədən ibarətdir?

Gəlin bunu “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi timsalında nəzərdən keçirək.

SOCAR-ın “Caspian Oil & Gas” – 2017 beynəlxalq konfransında rəsmi açıqlamasına görə, 2017-ci il iyunun 1-nə ACG laihəsi üzrə 428,4 milyon ton neft hasil edilib. Bunun 56%-i və ya 240 milyon  tonu Azərbaycan tərəfinə xalis mənfəət şəklində çatıb, hansı ki Azərbaycan Dövlət Neft Fondunda toplanır.

Caspian Barrel-in özünün hesablamamlarına görə,  1 iyun 2017 tarixinə AÇG-dən Neft Fonduna gələn mənfəət nefti üzrə daxilolmalar təqribən $124.5 milyard təşkil edib.

Deməli, ümumilikdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (AİOC, AÇG üzrə yaradılmış əməliyyat şirkəti) gəliri $222,3 milard təşkil edib.

İndiyə qədər AÇG layihəsi üzrə çəkilən ümumi xərclər təqribən $42,4 milyard olub (həm kapital xərcləri, həm də əməliyyat xərcləri nəzərdə tutulur).

Yəni bu vəsaiti və Azərbaycan dövlətinə çatan mənfəəti ümumi gəlirdən çıxdıqdan sonra şirkətlərin indiyə qədər əldə etdikləri mənfəəti alırıq: $55,4 milyard.

Mənfəət neftində ($179,9 milyard) Azərbaycan dövlətinin payı isə indiyə qədər 69,2% təşkil edib. şirkətlərin payı isə 30,8%.

Ancaq şirkətlər öz mənfəətlərindən HPBS-nin müddəalarına görə, Azərbaycan tərəfinə dövlətə çatacaq mənfəətdən əlavə (R faktoruna uyğun, hazırda bu 75%-dir) 25% məbləğində vergi də ödəyirlər. Bu vəsait Vergilər Nazirliyinin hesabına daxil olur. Məsələn, 2013-cü ildə AÇG üzrə ödənilən verginin məbləği 1 milyard manata yaxın olub. Ötən il isə bu göstərici azalaraq 350 milyon manata düşüb. Caspian Barrel-in hesablamalarına görə isə bu məbləğ 680 milyon manatdan az olmamalı idi. Görünür ki, məbləğin az olması hansısa ödəmələrə görə azaldılıb, məsələn ola bilər ki, “Şahdəniz-1” layihəsi üzrə daxili bazarın ehtiyacları üçün təbii qazın alınmasına görə.

Beləliklə, AÇG üzrə şirkətlər  $13,85 milyard çıvarında vergi də ödəyiblər (və ya vergi öhdəlikləri olub) və onların hesabında qalan vəsait $41,55 milyarda qədər azalıb. Ancaq bu vəsaitin içərisində həm də SOCAR-ın mənfəəti “oturur” (o cümlədən yatırımlarda bunu nəzərə almaq gərəkdir). SOCAR-ın AÇG-də 11,6% payı var hazırda, əvvəllər isə 10% idi. Ona görə də dəqiq hesablamaq mürəkkəbdir SOCAR-a çatacaq vəsaiti, ancaq istənilən halda bu $4,5 milyarddan az deyil.

AÇG mənfəətinin indiyə qədər bölüşdürülmə nisbətini belə göstərə bilərik:

Dövlət

69,2%

Xarici şirkətlər

28,3%

SOCAR

2,5%

Qeyd etmək lazımdır ki, bu bölgüyə büdcəyə edilən ödənişlər daxil deyil.

Ümumilikdə isə, neftin orta satış qiyməti 1999-cu ilin dekabrından (Azərbaycan mənfəət neftini o zamandan ixrac etməyə başlayıb) indiyə kimi $70.1 barel olub. Konsorsiumun nefti isə bazarlara 1998-ci ilin martından çıxarılır.

P.S.  “BP-Azərbaycan” şirkətində 2017-ci il aprelin 1-nə ştatda olan işçilərin ümumi sayı 3500 nəfərə yaxın olub ki, bunların da 2785 nəfərini Azərbaycan vətəndaşları təşkil edib. Yəni bu işçilər tək AÇG layihəsi üzrə işləyənlər deyil, həmçinin Şahdəniz, BTC, Cənub Qafqaz  Boru kəməri və BP-nin kəşfiyyat əməliyyatlarına cəlb edilmiş əməkdaşlarını əhatə edir.

İlham Şaban, Neft Araşdırmaları Mərkəzinin rəhbəri