Azərbaycan, Materiallar

Azneft hasilat göstəricilərini açıqlayıb

“Azneft” İstehsalat Birliyi bu ilin 5 ayı ərzində 20 quyu qazaraq istismara verib

Caspian Barrel Birliyin mətbuat xidmətinə istinadən bildiri ki, 2017-ci ilin beş ayı ərzində “Azneft” İstehsalat Birliyi üzrə 2 milyon 567,9 min ton neft və 2 milyard 132,1 milyon kubmetr qaz hasil edilmişdir.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilmişdir. Həyata keçirilmiş qazma işləri nəticəsində, ilin ilk 5 ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 20 quyu qazılaraq istismara verilmişdir. Yeni quyuların qazılması nəticəsində 21468 ton neft hasil edilmişdir.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 267 geoloji tədbir keçirilmiş, nəticədə 72015 ton neft hasil edilmişdir ki, bu da plana qarşı 45 tədbir çox və 29075 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 17086 ton plana qarşı 21619 ton neft hasil edilmişdir.

Ötən beş ayda fəaliyyətsiz quyu fondundan 25 quyu nəzərdə tutulduğu halda, 49 quyu istismara qaytarılmışdır. Bu quyulardan isə 14991 ton əlavə neft alınmışdır.

* 2016-cı ildə “Azneft” İstehsalat Birliyi 6 milyon 234 min ton neft və 5,6 milyard kubmetrdən artıq qaz hasil edib. Birliyinin sifarişi əsasında 59 quyu qazılaraq istismara verilmişdir. Yeni quyuların qazılması nəticəsində 143 min ton neft hasil edilmişdir. Ötən il fəaliyyətsiz quyu fondundan 94 quyu istismara qaytarılmışdır.