logo

Növbəti onillik Azərbaycanın qaz sənayesi üzərindədir və bu mif deyil

SOCAR prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, 2025-ci ildən sonra qazdan əldə etdiyimiz gəlirlər neft gəlirləri ilə bərabərləşəcək.

“Yeni Musavat” qəzetinə bu fikri şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, gələn onilliyin ikinci yarısında isə qaz layihələrindən əldə edilən gəlirlər nefti üstələməlidir.

“Təbii ki, neftin qiyməti ilə qazın qiymətini bərabər tutmaq olmaz. Eyni həcmdə olan qazın və neftin qiyməti bərabər deyil, qazın qiyməti neftin qiymətinin ən yaxşı halda yarısını təşkil edir. Azərbaycanda yaxın və orta perspektivdə neft çıxarmaq üçün həcmləri kifayət qədərdir. Ancaq bununla belə neft azalmağa doğru gedir, qaz hasilatı isə artıma, sonuncunun perspektivləri isə çox böyükdür”, deyə İlham Şaban bildirib.

Onun sözləinə görə, Azərbaycanın  hazırda 40 milyon ton neft hasil etdiyimizi nəzərə alsaq, 10 il sonra bu həcmlər təqribən 5-6 milyon ton azala bilər. Əslində neft hasilatı daha çox azalır, sadəcə kondensat hesabına bu həcmlərin statistikası ortaya çıxır. Bəs necə ola bilər ki, o zaman qazın gətirdiyi gəlir nefti üstələsin?

Beynəlxalq audit şirkətləri gəlirləri hesablayarkən ümumilikdə layihələr üzrə hesabat aparırlar, kondensatdan gələn gəlirləri ayırmırlar. Yəni qaz layihəsi çərçivəsində hasil edilən kondensat statistikada neft hasilatına aid edilsə də, gəlir kimi qaz layihəsinin hesabatında “oturur”.  2020-ci ildən sonra ki, “Şahdəniz-2″ layihəsi Avropaya ayaq “açacaq”, 2021-2022-ci ildə hər il 6 milyon ton kondensat hasil edəcək. Şahdəniz layihəsinin kondensatdan gətirdiyi gəlir qazdan gətirdiyi gəlirin təqribən yarısından çox olacaq. Ancaq layihə qaz layihəsi olduğu üçün həmin gəlirlər də qaza aid edilir. ”Abşeron” layihəsinin ilkin etaölnda da 700 min ton kondensat hasil ediləcək.

İkinci bir məsələ isə ondan ibarətdir ki, bu gün Azərbaycan Dövlət Neft Şirkəti qaz-kimya komplekslərinə iri investisiyalar qoyur. SOCAR-ın Karbomid zavodu və iki polimer zavodu tikiləcək. Bu zavodlarda xam qaz məhsula çevriləcək. Bu məhsul xam qazın qiymətindən 2,5-3 dəfə baha satılacaq. Bundan əlavə, Sumqayıtda böyük kimya parkı tikilir. Bura verilən yarımfabrikatlar isə kimya parkı üçün əlavə baza olacaq və onun gətirdiyi əlavə dəyər də nəzərə alınmalıdır. Getdikcə genişlənən bu zənciri nəzərə alsaq, deyə bilərik ki, qazın gətirdiyi gəlir nefti üstələyəcək. Bizdə neftdə cəmi bir seqment var ki, o da xammaldır. İkincisi isə emaldır və o da Heydər Əliyev adına Neft Emalı Zavodudur ki, 2020-ci ilə qədər modernizasiya etapında olunacaq. Orada avro 5 standartlarına uyğun neft məhsulları istehsal olunacaq, daxili bazara, qismən də ixraca yönəldiləcək. Ona görə də faktiki olaraq qaz layihələri Azərbaycanın gələcəyidir.

“Bu baxımdan növbəti onillik və sonrakı dövrlər Azərbaycanın qaz sənayesi üzərindədir və bu mif deyil”, deyə İlham Şaban vurğulayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart