logo

TAP-ın investisiyaları Albaniyaya yatırılan sərmayələrin 40%-i təşkil edib

Views: 359
TAP bu Balkan ölkəsinin iqtisadi həyatında önəmli dəyişikliklərə səbəb olub

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin həyata keçirilməsi çərçivəsində ötən il Albaniyada yatırılan sərmayələr birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Albaniya Bankı (Bank of Albania) tərəfindən nəşr olunan məlumatlarda deyilir. Bildirilir ki, keçən il ölkədə xarici investisiyalar 2015-ci ildəki göstəricidən 10 faiz çox və ya 983 milyon avro təşkil edib. Bu da rekord səviyyə deməkdir. Həmin məbləğdən 369 milyon avro dəyərində investisiyalar TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniyada xərclənib.

Xatırladaq ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 35 faizdən çoxu icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi artıq başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro ətrafında olacaq. Ümumilikdə TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək.

Layihə çərçivəsində Albaniyada təxminən 72 kilometrdən çox ərazi təmizlənib, 62 kilometr boru xətt boyunca düzülüb, boruların 50 kilometri qaynaq edilib. 40 kilometr boru isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. İndiyədək TAP inşasında Albaniyada 1700 işçi çalışıb və onların təxminən 84 faizi albaniyalıdır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

 

Comments: 0

0

Your Cart