Azərbaycan

Supsa terminalının istismara verilməsindən 18 il ötür

İndiyədək Supsa terminalından 592,35 milyon barrel Azərbaycan nefti 796 tankerə yüklənərək dünya bazarına yola salınıb

Supsa terminalı

“Əsrin müqaviləsi”nin reallaşdırılması ilə əlaqədar Azərbaycan qısa müddətdə etibarlı və şaxələndirilmiş ixrac neft kəmərləri sistemi yaradıb ki, həmin sistemin əsas elementlərindən biri də Bakı-Supsa neft boru kəməri adı ilə tanınan Qərb İxrac Boru Kəməridir (QİBK). “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarından və “Günəşli” yatağının dərinsulu hissəsindən (AÇG) hasil olunan neft həcmlərinin Qərb marşrutu üzrə dünya bazarına çıxarılması məqsədilə inşa olunan Qərb İxrac Boru Kəməri bu gün də öz əhəmiyyətini itirməyib və Azərbaycanın neft sənayesinə xidmət edir.

Bakı-Supsa boru kəməri hazırda həm AÇG layihəsi üzrə çıxarılan, həm də Xəzərin Azərbaycan sektorundakı digər neft yataqlarından hasil olunan xam nefti Qara dəniz sahilinə nəql edir və həmin neft orada tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarına yola salınır. QİBK Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin sahibidir və AÇG Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları adından QİBK-ni istismar edir.

Kəmərin tikintisi Azərbaycan Respublikası ilə Gürcüstan arasında 1996-cı ilin aprel ayında bağlanan Hökumətlərarası Sazişin ratifikasiyasından sonra başlanılıb və 1998-ci ilin noyabr ayında başa çatıb. QİBK 1999-cu ilin fevralından istismardadır. Azərbaycan xam neftini Supsa terminalına çatdıran Qərb İxrac Boru Kəmərinin tikintisi texniki nailiyyət hesab olunur. Tikinti işləri bir sıra qeyri-adi və çətin məsələlərlə, o cümlədən ekoloji səbəblərdən boru kəmərinin bütünlüklə yerin altından keçməsi kimi çətinliklərlə üzləşib. Uzunluğu 830 kilometr olan boru kəməri 89-dan çox çaydan və 18 aktiv seysmik qırılma zonası ilə kəsişmədən keçir. Boru kəmərinin obyektlərinə – üçü Azərbaycanda, üçü isə Gürcüstanda olmaqla altı nasos stansiyası daxildir. Həmçinin Gürcüstanda iki təzyiqazaltma stansiyası yerləşir. Kəmər üzrə 59 kiçik siyirtmə (kəmər boyunca yoxlama siyirtmələri də daxil olmaqla) və hər stansiyada biri olmaqla Azərbaycanda bir aralıq ərsinburaxma stansiyası var. Boru kəməri 1190 metrlik ən yüksək nöqtəyə qalxaraq Gürcüstanın Supsa limanında yenidən dəniz səviyyəsinə qayıdır.

Qara dənizin Gürcüstan sahilində, Lançxuti rayonunda yerləşən Supsa terminalı isə QİBK vasitəsilə nəql olunan Azərbaycan xam neftini dənizdəki yükləmə qurğuları ilə neft tankerlərinə yüklənməzdən əvvəl saxlamağa imkan verir. QİBK-nin tikintisi başa çatdıqdan sonra 1999-cu il aprelin 17-də Supsa terminalının təntənəli açılışı olub. Həmin gün Xəzərin Azərbaycan sektorundakı “Çıraq” platformasından hasil edilmiş 80 min ton neftlə yüklənmiş ilk tanker Supsa terminalından dünya bazarına yola salınıb. Bununla da, Azərbaycan xam neftinin tankerlər vasitəsilə Bosfor boğazından keçərək dünya bazarına çatdırılmasına başlanılıb.

Supsa terminalı 100 faiz milliləşdirilib və Gürcüstan iqtisadiyyatının mühüm əhəmiyyət kəsb edən bir elementidir. Terminalın stansiya girişi QİBK-də hər hansı buxar sızmasının qarşını almaq məqsədilə münasib təzyiqi saxlamaq üçün, həmçinin terminalın borular sistemini qorumaq üçün təzyiq tənzimləmə klapanından ibarətdir. Xam neft kommersiya uçotu qovşağından keçərək hər birinin tutumu təxminən 40 min ton olan xam neft saxlama çənlərinə ötürülür. Supsa terminalında, həmçinin xam neftin qəbulu və ixracı obyektlərini idarə etmək üçün mərkəzi dispetçer otağı yerləşir.

İxrac yükləmə sistemi isə dizel ilə işləyən üç yükləmə nasosundan ibarətdir. Onlar xam nefti saxlama çənlərindən çəkir və ixrac sisteminin kommersiya uçotu qovşağına ötürür. Uzunluğu 5,6 kilometr olan 36 düymlük boru kəməri terminaldan dənizə qədər davam edir və PLEM (boru kəməri sonundakı manifold) dəsti ilə qurtarır. 16 düymlük elastik şlanqlar PLEM manifoldunu lövbər tipli yanalma buyuna (CALM) birləşdirir, xam nefti tankerlərə ötürmək üçün isə 20 düymlük üzən şlanqlardan istifadə olunur. 2010-cu ildə Supsa terminalında xam neft saxlama çənlərinin daxili yoxlanılması və təmiri layihəsi başlanıb. Dörd saxlama çənindən üçü API 653 standartına uyğun olaraq yoxlanıb və təmir edilib. Sonuncu xam neft saxlama çənləri üzrə təftiş 2016-cı ildə aparılıb.

Ötən müddətdə QİBK-də geniş təmir və dəyişdirmə işləri görülüb. 2007-ci ildə kəmər bu məqsədlə dayandırılıb, Gürcüstanda və Azərbaycanda seqmentləri dəyişdirilib. Bu iş 2008-ci ilin birinci rübündə başa çatdırılıb. Boru kəməri marşrutunun dayandırıldığı müddətdə digər marşrutlardan istifadə edilib ki, tələbata və ya AÇG hasilatına heç bir təsir olmasın. 2008-ci ildə isə kəmərin yenidən tam istismara verilməsi proqramı həyata keçirilib.

2016-cı ildə Supsa terminalı 30,3 milyon barreldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə neft ixrac edib. 1999-cu ildən bu il aprelin 17-dək Səngəçal terminalından Bakı-Supsa kəmərinə 593,33 milyon barrel Azərbaycan nefti vurulub. Həmin neftin 592,35 milyon barreli Supsa terminalında 796 tankerə yüklənib və dünya bazarına yola salınıb.

SOCAR isə bu ilin mart ayında Supsa limanından 178 min 703 ton neft ixrac edib. Cari ilin yanvar-mart ayları ərzində Supsadan 704 min 85 ton xam neft ixrac olunub. 2016-cı ildə isə Supsa limanından 2 milyon 383 min 854 ton neft dünya bazarına göndərilib. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı AZƏRTAC-a bildirib ki, Qərb İxrac Boru Kəməri Azərbaycan və Gürcüstan ərazisindən keçməklə ətraf mühitə qayğı ilə və ən son texnologiyalar tətbiq olunmaqla inşa olunub, səmərəli səkildə istismar olunan bir ixrac sistemidir. Operator olaraq BP şirkəti əmindir ki, bu kəmər Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri – BTC ilə yanaşı Azərbaycan neftini dünya bazarına etibarlı və tam təhlükəsiz şəkildə daşımaq üçün çox əhəmiyyətlidir. BP şirkəti düz 18 ildir ki, bu ixrac sistemini sənayenin ən yüksək texniki təhlükəsizlik və ətraf mühit standartlarına uyğun istismar edir və hələ uzun illər bu kəmər Azərbaycan neftinin eyni yüksək standartlarla dünya bazarına daşınması üçün istifadə olunan şaxələnmiş ixrac yollarından biri olacaq.

“Onu da qeyd edək ki, kəmərin indiyədək gətirdiyi faydalara neftdaşımaları vasitəsilə əldə olunan mənfəətlərdən əlavə həm Azərbaycanda, həm də Gürcüstanda tikinti dövrü üçün minlərlə müvəqqəti iş yeri, sonralar isə sistemi idarə etmək üçün yaradılmış uzunmüddətli iş yerləri, kəmər marşrutu boyunca yerləşən kəndlərdə həyata keçirilmiş iri sosial inkişaf və ətraf mühitin qorunması layihələri və sair daxildir”, – deyə T.Bayatlı əlavə edib.

Nihad Budaqov

AZƏRTAC-ın aparıcı müxbiri