Azərbaycan, Materiallar

Sumqayıtda “SOCAR-Polymer” əməkdaşları üçün buraxılış imtahanları keçirilib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində “SOCAR-POLYMER” MMC şirkətinin əməkdaşları üçün yekun buraxılış imtahanları keçirilib.

2016-cı ildə TTSİ və “SOCAR-POLYMER” MMC şirkəti arasında “Kadr hazırlığı haqqında” bağlanmış müqaviləyə əsasən TTSİ-nin 3 təlim mərkəzində (Kadr hazırlığının təşkili mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi və Qobustan Regional Təlim Mərkəzi) 3 və 6 aylıq, eləcə də 1 illik kurslarda “SOCAR-POLYMER” MMC şirkətinin əməkdaşlarının 5 ixtisas üzrə hazırlanması nəzərdə tutulmuşdur.

STTM-də “Aparatçı”, “Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” və “Elektrik montyoru” peşələri üzrə ümumilikdə 33 nəfərin hazırlanması başa çatdırılmışdır.

İmtahanlarda iştirak edən TTSİ-nin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv və şəffaf keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırmış və gənclərə gələcək karyeralarında müvəffəqiyyətlər arzulamışdır. TTSİ və “SOCAR-POLYMER” MMC şirkətinin mütəxəssislərinin iştirakı ilə keçirilən imtahanlar zamanı STTM-də təhsil almış 33 nəfər gənc imtahan komissiyası qarşısında öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. İmtahan nəticələri dinləyicilərin hazırlığının çox yüksək səviyyədə olduğunu göstərmişdir.