Azərbaycan

Natiq Əliyev ABŞ-a dəvət alıb

Azərbaycan Texasda keçiriləcək “Dənizdə Texnologiyalar Konfransı”na qatılacaq

Energetika naziri Natiq Əliyev 1-4 may tarixlərində ABŞ-a işgüzar səfərə gedəcək. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.

“Məqsəd ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar Konfransı”nda iştirak etməkdir”, – deyə məlumatda bildirilir.

Konfransda N.Əliyevin Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, Xəzərin enerji resursları, enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulub.

“120 ölkəni təmsil edən 2400-ə qədər iştirakçının qatılacağı bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir”, – deyə məlumatda qeyd olunur.