Azərbaycan

Azərbaycanda əmtəəlik qaz azalıb, yoxsa artıb? – araşdırma

Dövlət Statistika Komitəsinin özünün hesbatlarınındakı rəqəmləri müqayisə etsək, azalma var, ancaq rəsmən artımı təqdim edirlər

Dövlət Statistika Komitəsi 2017-ci ilin I rübünün yekunlarına həsr olunmuş hesabatında bildirir ki, ölkədə 6 954,9 milyon kub metr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% azalma deməkdir. Statkomun ötən ilki hesabatında bu göstərici 7 556,8  milyon kubmetr kimi qeyd olunub. Ancaq hesablayarkən azalma tempi 7,96% təşkil edir.

Statkom bildirir ki, hesabat dövründə 4 789,4 milyon kub metr əmtəəlik qaz hasil edilib (əmtəəlik qaz – satış üçün nəzərdə tutulan qaz) və ötən ilin müvafiq dövrü ilə müqayisədə onun həcmində 0,9% artım qeydə alınıb.

Ancaq Statkomun ötən ilki hesabatına nəzər yetirdikdə aydın olur ki, 2016-cı ilin yanvar-mart aylarında Azərbaycanda 4 838,9 milyon kub metr əmtəəlik qaz hasil edilibmiş. Demək, bu hesabla hazırda əmtəlik qazın hasilatında 1,02% azalma qeydə alınmalıydı.

Statkomun açıqladığı maraqlı göstəricilərdən biri də ölkədəki qaz ehtiyatlarının həcmi ilə bağlıdır. Statkoma görə, 01.04.2017-ci il vəziyyətinə əmtəəlik qaz ehtiyatı həcmləri  2 579,2 milyon təşkil edib.  Ötən il bu tarixə bu göstərici 954,6 milyon kub metr təşkil etmişdi. Yəni artım düz 2,7 dəfə olub. Ölkənin qaz sənayesində nə baş verib ki, onun ehtiyatlarında belə bir sıçrayışla artım olub? Ehtiyat deyəndə yeni qaz laylarının vəya yatağqlarından getmir. Söhbət yeraltı qaz anbarlarındakı ehtiyatlardan gedir. Maraqlıdır ki, Statkomun 2016-cı ilin IV rüb hesabatlarında  bu ehtiyatlar dəyişməyib – 1167,3 milyon kub metr həcmində qalıb, sanki ondan nə istifadə edilib, nə də ona əlavələr olub. Ancaq 2017-ci il başlayandan birdən birə 2 dəfədən çox artıb və 2517,2 təşkil edib. Fevralda 2 549,2  milyon kub metr, martda isə 2 579,2 milyon kub metr olub.

İlham Şaban