Azərbaycan

Abşeron yatağından hasil ediləcək qazın dəqiq həcmi bəlli oldu

“Abşeron” yatağında qazılacaq ilk quyudan sutkalıq 2000 ton kondensat və 4,3 milyon kubmetr qaz hasil olunacaq. Bu barədə SOCAR-ın məlumatında deyilir.

SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov, Fransanın “Total” şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Nicolas Brunet, eləcə də hər iki şirkətin nümayəndələri aprelin 15-də “Neft Daşlar” yatağına işgüzar səfər ediblər.

““Abşeron” yatağında qazılacaq ilk quyudan hasil olunacaq sutkalıq 2000 ton kondensat və 4,3 milyon kubmetr qazın Neft Daşlarına, oradan da “28 May” NQÇİ-nin mövcud xətləri ilə sahilə nəqlinin mümkünlüyü ilə tanış olmaq məqsədi ilə qonaqlar “Neft Daşları” NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına, “28 May” NQÇİ-nin sıxıcı kompressor və qaz-separasiyası sahələrinə, tibb məntəqəsinə baxış keçiriblər”, – deyə məlumatda bildirilir.

“Neft Daşları” NQÇİ-nin konfrans zalında “Neftin və qazın hasilatında bütövlüyün idarə olunması və yoxlamalar” mövzusunda keçirilmiş geniş tərkibli müşavirədə yataqların cari vəziyyəti və perspektiv inkişafı, “Abşeron” yatağında qazılacaq ilk quyunun gündəlik məhsulunun ilkin mərhələdə sahilə nəql olunması barəsində fikir mübadiləsi aparılıb.

Caspian Barrel bildirir ki, “Abşeron” yatağından ilk qaz 2019-cu ilin sonlarında hasil edilməlidir. Hasil ediləcək qaz tam həcmdə SOCAR tərəfindən alınacaq və daxili tələbatın ödənilməsi məqsədi ilə istifadə ediləcək.

Abşeron yatağı üzrə müqavilə 2009-cu ildə Fransanın Total şirkəti ilə imzalanıb. 2011-ci ilin sentyabrında Total burada iri qaz yatağı aşkarladığını bəyan edib. 2012-ci ilin iyulun əvvəlində isə Fransa şirkəti ilk kəşfiyyat quyusundan alınan informasiyaların tam emal edildikdən sonra yatağın şimal hissəsi üzrə ehtiyatları haqda məlumatları ictimaiyyətə açıqladı: 350 milyard kub metr təbii qaz və 45 milton ton kondensat.