Yeni neft-kimya və qaz emalı kompleksinin dəyəri ümumilikdə $4 mlrd. həcmində qiymətləndirilir
“SOCAR-GPC” şirkəti 2022-ci ilin I rübündə Azərbaycanda yeni neft-kimya və qaz emalı kompleksini istifadəyə verməyi planlaşdırır. Bu barədə “SOCAR Polymer” şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib.
“Hazırda maliyyə təsisatları ilə bu layihənin maliyyələşdirilməsinə dair danışıqlar aparılır. Müxtəlif variantlar tədqiq olunub və layihə maliyyələşdirilmə əsasında reallaşdırılma barədə qərar qəbul olunub. Layihə çərçivəsində maliyyə sazişinin 2017-ci ilin sonu- 2018-ci ilin əvvəlində imzxalanacağı gözlənilir. Müəssisənin 2022-ci ilin I rübündə istifadəyə verilməsi planlaşdırılır”, – deyə B.Beydullayev bu gün Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017” konfransında çıxışında vurğulayıb.
O həmçinin xatırladıb ki, layihə ümumilikdə $4 mlrd. həcmində qiymətləndirilir.
B.Beydullayevin sözlərinə görə, “SOCAR-GPC” kompleksdə istehsal olunacaq 50%-dək məhsulların Türkiyəyə ixracını nəzərdə tutur. “Yaxın Şərq, Çin, Avropa ölkələri məhsulların satış bazarları qismində nəzərdən keçirilir”, – deyə o əlavə edib.
Qaz emalı üzrə müəssisəsinin gücü illik 10 mlrd. kubmetrə yaxın təşkil edəcək.