2017-ci ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 4 mln. 401,899 min ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat verilib.
“Fevral ayında neft kəməri ilə 1 mln. 989,636 min ton neft nəql olunacaq. Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) 2017-ci il mart ayının 1-nə qədər 325 mln. 939,961 min ton neft nəql olunub”, – deyə məlumatda bildirilir.
Bundan başqa, cari ilin fevral ayında BTC neft kəməri ilə 571,86 min ton Türkmənistan nefti nəql olunub.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, yanvar-fevral aylarında Ceyhan neft terminalından 4 mln. 131,722 min ton, fevral ayında 2 mln. 82,936 min ton Azərbaycan nefti yola salınıb. BTC-nin istismara verildiyi vaxtdan 323 mln. 966,321 min ton Azərbaycan nefti yola salınıb.
2016-cı ildə BTC kəməri ilə 28 mln. 862,673 min ton Azərbaycan nefti nəql edilib.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “CIECO” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.