Ukraynanın Kremençuq Neft Emalı Zavodunun (NEZ) operatoru “Ukrtatnafta” şirkəti “Euro-5” standartına uyğun benzin istehsalına başlayıb.
“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, bu istehsalın vaxtından öncə həyata keçirilməsi xam neft nəqlinin şaxələndirilməsi, xüsusilə də Azərbaycan neftinin zavoda nəqli ilə bağlıdır.
“Azeri Light” markalı neftin Kremençuq zavoduna çatdırılması Azərbaycan və Ukrayna prezidentlərinin Ukrayna neft emalı zavodlarına neft nəqlinin bərpasına dair razılığı çərçivəsində həyata keçirilir. Aşağı kükürdlü Azərbaycan neftinin sayəsində “Ukrtatnafta” yanacaq istehsalı və emalında tamamilə “Euro-5” standartına keçməyi planlaşdırır”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu il Kremençuq Neft Emalı Zavoduna ümumilikdə 1,3 mln. ton Azərbaycan neftinin nəqli nəzərdə tutulur. 2016-cı il dekabrın sonunda ilk partiya olaraq 80 min ton həcmində “Azeri Light” markalı neft nəql olunub.