Azərbaycan, Materiallar

Konsorsium 2016-da AÇG-nin xərclərini $707 mln azaltmağa müvəffəq oldu

2016-cı il ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından orta hesabla 630 000 barel və ya ümumilikdə 230 milyon barelə yaxın, yəni 31,1 milyon ton neft hasil edilib.

Bu haqda “BP-Azerbaijan” şirkətinin (AÇG-nin operatoru) ötən ilin yekunlarına dair ictimaiyyət üçün açıqladığı məlumatda deyilir.

Qeyd edək ki, 2015-ci ildə BP və tərəfdaşları AÇG müqavilə sahəsindən 31,3 mln ton və ya gündəlik olaraq 634 min barel neft hasil etmişdilər.

İl ərzində AÇG müqavilə sahəsində quraşdırılmış platformalarda orta gündəlik hasilat aşağıdakı kimi olmuşdur (barellə):

Platformalar

2016-cı il

2015-ci il

Mərkəzi Azəri

144 000

154 000

 

Qərbi Azəri

114 000

110 300

 

Şərqi Azəri

72 000

71 000

 

Dərinsulu Günəşli

126 000

141 400

 

Çıraq

54 000

48 000

Qərbi Çıraq

120 000

109 400

 

Cəmi 630 000

634 000

Bir məsələyə diqqət yetirmək gərəkdir ki, 205-ci ildə AÇG müqavilə sahəsində gündəlik orta hasilatı 634 min barel səviyyəsində saxlamaq üçün ümumilikdə 91 neft hasilat quyusu və 42 qaz və su injektor quyusu lazım olmuşdusa, 2016-cı ildə hasilatın 630 min barel səviyyəsində saxlanması üçün hasilat quyularının sayının 100-ə, texniki quyuların sayının isə 49-a qədər artırmaq gərək olmuşdu.

Bu məqsədlə isə 2016-cı ildə AÇG layihəsinə 503 milyon dollar əməliyyat məsrəfləri və 1,45 milyard dollar əsaslı məsrəflər xərclənmişdir. 2015-ci ildə bu göstəricilər müvafiq olaraq 760 milyon dollar və 1,9 milyard dollar olmuşdu. Beləliklə, ötən il BP və tərəfdaşları hasilatın 200 min ton və ya 0,6% azaldılması müavilində 707 milyon dollar az vəsait xərcləməyə nail olublar. Bu da neft qiymətlərinin aşağı düşdüyü zamanda konsorsiumun ümumi gəlirliyi üçün çox önəm daşıyan bir amil olub.