Ən möhtəşəmi həmişəki kimi neft-qaz sərgisidir…
2017-ci ildə “Iteca Caspian” şirkəti 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Sərgi mövsümü 6 aprel tarixində 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” və 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgiləri ilə öz işinə başlayacaq”, – deyə məlumatda bildirilir.
26-28 aprel tarixlərində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Transcaspian/Translogistica”, 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri keçiriləcək.
Mayın 17-dən 19-na kimi keçiriləcək 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack CASPIAN” sərgilərinin iştirakçıları tərəfindən həm yerli, həm də xarici istehsalçı şirkətlərin çoxlu sayda məhsulları nümayiş etdiriləcək.
“Bu il sərgilərin yaz mövsümü regionun ən böyük sənaye sərgisi 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” (31 may – 3 iyun), 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Konfransı “Caspian Oil & Gas Conference” (1-2 iyun) və 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2017” sərgiləri ilə yekunlaşacaq”, – deyə məlumatda qeyd olunur.
Sentyabr ayında payız mövsümü öz işinə başlayacaq və bura aşağıdakı sərgilər daxil olacaq: “BIHE”, “Stomatology Azerbaijan”, “Beauty Azerbaijan”, “WorldBuild Baku”, “Aquatherm Baku” “Securika Caspian”.