Azərbaycan Dövlət Neft Şirkətinə aid olan BOS ŞELF MMC-nin borubükmə sexi hal-hazırda “Günəşli” yatağı 7A saylı platformasının dayaq bloku üçün boruların bükülməsini yerinə yetirir.
SOCAR-dan Caspian Barrel-ə verilən məlumata görə, dünyada nadir avadanlıqlardan olan bu dəzgahlarda metal vərəqlərin qalınlığı 145 mm-ə kimi olan borular bükülür.
Ümumi sahəsi 5 980 kv. metr olacaq platformanın dayaq blokunun hündürlüyü 151 metr, çəkisi isə 9 350 ton olacaq. 10 ədəd əsas və 10 ədəd köməkçi svayların vurulma dərinliyi 120 metr təşkil edəcək.
10 ədəd qaz-kondensat quyusunun qazılması üçün nəzərdə tutulan 7A platforması dənizin 146 metr dərinliyində yerləşdiriləcək və yataqdakı mövcud 7 saylı platformasınaə 2 körpü vasitəsi ilə birləşdiriləcək.
Qeyd edək ki, platformada qazılacaq quyuların hər birindən sutkada 350 min kubmetr qaz və 10 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. İstismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, SOCAR “Günəşli” yatağında 7 saylı yeni platformanı 2016-cı ilin mart ayında istifadəyə vermişdi. Bu platforma 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulub və dənizin 148 metr dərinliyində quraşdırılmışdı.
* BosŞelf MMC 2001-ci ildə yaradılıb.
ƏSAS FƏALİYYƏT NÖVÜ
- Stasionar dərin dəniz özüllərinin metal konstruksiyalarının hazırlanması
- Stasionar dərin dəniz özüllərinin və özullərin yuxarı hissələrinin blok-modullarının metal konstruksiyalarının MMC-nin dənizkənarı quraşdırma meydançalarında böyük həcmdə yığma, quraşdırma və suya salınma, yerinə nəql edilməsi üzrə podrat işləri
- Təşkilat və xarici firmaların sifarişi ilə stasionar dərin dəniz özüllərinin dənizdə quraşdırılması, möhkəmləndirilməsi, layihə-konstruktur və digər podrat xidmətlərinin göstərilməsi
TƏRƏFLƏR VƏ İŞTİRAK PAYLARI
50%- SOCAR
50%- Star Gulf Fzco (BƏƏ)