Maraqlı Xəbərlər

Onun Azərbaycana hamıdan çox gəlməsinin səbəbi nədir?

Neftin qiymətinin qeyri-stabil olması və neft istehsalının azalması yaxın illərdə Azərbaycan üçün ciddi sınaq olacaq. Rəsmi Bakı bütün diqqəti qaz layihələrinə və qazın Avropaya nəqlinə yönəldib. Ancaq bu layihələrin reallaşması yalnız rəsmi Bakının istəyindən asılı deyil.

Milli.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, bu məkanda müxtəlif oyunçular var və həmin oyunçuların bir qismi Azərbaycan qazının Avropa bazarına çatdırılmasını ləngidə bilərlər: “Məsələn, Rusiya “Türk axını” layihəsini TAP və TANAP boru xətlərinin inşasından daha tez başa və öz qazını cənub xətti ilə Avropaya Azərbaycandan tez çatdırmaq istəyir. Rusiyanın yerində başqa dövlət olsaydı, bunu sağlam rəqabət kimi qiymətləndirmək olardı. Ancaq Rusiya iqtisadi və enerji mövzularında siyasi təzyiq alətlərindən də istifadə edir. Məsələn, Rusiyanın maneələri sayəsində Xəzərin dibi ilə boru xəttinin tikintisi reallaşmır ki, türkmən qazı da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılsın. Buna baxmayaraq, Azərbaycan İsrailin timsalında TAP və TANAP-ın əhəmiyyətini artıracaq üçüncü müttəfiq qazanıb. İsrail öz qazını məhz bu boru xətləri ilə Avropaya çatdırmaq istəyir”.

Ekspertin sözlərinə görə, bu arada, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Azərbaycana səfəri diqqət çəkir: “Bəlkə bu Amos Hokstaynın hazırkı vəzifədə Azərbaycana son səfəri idi. Çünki Amerikada prezident dəyişdiyindən Dövlət Departamentinin tərkibi də dəyişəcək və Amos Hokstayn başqa vəzifəyə keçiriləcək. Hokstayn il boyu Azərbaycana tez-tez gəldi. Hiss olunur ki, Dövlət Departamentində Azərbaycan mövzusu məhz ona tapşırılıb. Çünki Azərbaycana onun qədər intensiv şəkildə səfər edən ikinci amerikalı diplomata rast gəlinmədi. Bunun da obyektiv səbəbi var. Amerikanın hazırda Azərbaycanla əlaqəsinin əsas prioriteti məhz enerji mövzusudur ki, bu da Amos Hokstaynın kurasiyasına aiddir”.

E.Şahinoğlu qeyd edib ki, həmişə olduğu kimi bu dəfə də Azərbaycan prezidenti ilə yanaşı xarici işlər və energetik nazirləri ilə də görüşən A.Hokstaynın budəfəki səfərinin bir neçə məqsədi var idi: “Birincisi, A.Hokstayn rəsmi Bakını inandırmağa çalışdı ki, Amerikada prezident və adminstrasiyanın tərkibi dəyişsə də, Vaşinqton əvvəlkitək Azərbaycanın iştirakçısı olduğu Cənub Qaz Dəhlizi layihəsinə dəstək verəcək. Bu faktorun özü Bakı ilə Amerikanın yeni adminstrasiyası arasında əlaqələrin inkişafına xidmət edəcək. Hokstayn haqlıdır. TAP və TANAP layihələri Donald Tramp adminstrasiyasının da maraqlarına xidmət edir. Çünki Amerikada prezident kim olursa-olsun, Rusiya qazının Avropa bazarında dominant rol oynamasını istəməz. Tramp bisnezmendir və prezident kimi də azad rəqabətin tərəfdarıdır. Rusiya isə Avropanın qaz inhisarçısı olmaq istəyir.

İkincisi, rəsmi Bakının TAP boru xəttinin inşasının gələcəkdə ləngiməsi ilə bağlı müəyyən narahatlığı var. Belə ki, İtaliyada bəzi qüvvələr boru xətti çəkilişinin ekologiyaya zərər vuracağını iddia edirlər. Hiss olunur ki, bu qüvvələr Avropanın içindən də kifayət qədər dəstək alırlar. Bu, boru xətti tikintisini ləngidə bilər. Aydındır ki, bu məsələni rəsmi Bakı təkbaşına həll etmək iqtidarında deyil, Amerikanın dəstəyinə ehtiyac var. Amerika Avropa İttifaqının həm siyasi, həm də iqtisadi tərəfdaşıdır və əlində Avropa ölkələrinə təsir etmək üçün kifayət qədər aləti var. Rəsmi Bakı Cənub Qaz Dəhlizinin sürətlə tamamlanması üçün Vaşinqtonun həmin alətləri işə salmasını istəyir”.

Lakin onun fikrincə, bu alətlərin hərəkətə gətirilməsi üçün rəsmi Bakı Vaşinqtonla münasibətlərin digər istiqamətlərində əməkdaşlığı genişləndirməyə çalışmalıdır: “Bunun üçün Azərbaycanın siyasi və iqtisadi islahatların sürətləndirilməsi, insan haqları mövzularında diqqətli olması vacibdir. Eyni mövzuları Brüssel də diqqət mərkəzində saxlayır. Rəsmi Bakı böyük ümid bəslədiyi Cənub Qaz Dəhlizi layihəsində Avropa İttifaqını tam olaraq yanında görməsi üçün gələn il ərzində Brüssellə strateji sənədin imzalanması prosesini sürətləndirməlidir. Bu sənəddə isə rəsmi Bakının istəyi ilə yalnız enerji mövzuları deyil, siyasi, iqtisadi və məhkəmə islahatlarını sürətləndirəcək, o cümlədən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü üçün addımlar atacağını göstərən maddələrin də olması labüddür”.

İlkin İzzət
Milli.Az