Azərbaycan Dövlət Neft Şirkəti inşa edilməkdə olan “SOCAR Polymer” zavodundan son görüntüləri yayıb.
“Sənaye şəhərimiz Sumqayıtda inşa olunan və Azərbaycanın neft-kimya sənayesini, eyni zamanda ixrac potensialını inkişaf etdirəcək layihənin inşaat işləri 2016-cı il üçün tam plan üzrə tamamlandı, zavodun tam istismara verilməsi 2018-ci il üçün nəzərdə tutulur”, deyə SOCAR-ın ictimaiyyət üçün açıqlanan məlumatında bildirilir.
SOCAR Polimer zavodunda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur.
Caspian Barrel isə öz növbəsində qeyd edir ki, “SOCAR Polymer” zavodu 2013-cü ildə təsis edilib. Nizamnamə kapitalı $100 mln. təşkil edir. Müəssisənin səhmlərinin 51%-i SOCAR-a, 49%-i “PAŞA Holdinq”, “Gilan Holding” və “Azersun Holding”ə məxsusdur.
Layihə çərçivəsində polipropilen və yüksək təzyiqli polietilen zavodlarının tikintisi nəzərdə tutulur. Bu zavodların tikintisi üçün $750 mln. sərmayə yatırılacaq. Zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş SOCAR və “Qazprombank” arasında 2015-ci il iyunun 19-da imzalanıb.
Polipropilen zavodunun sınaq işlərinin aparılması 2017-ci ilin noyabrına və istismara verilməsi isə 2018-ci ilin fevralına planlaşdırılır. Yüksək sıxlıqlı polietilen zavodunun istismara verilməsi isə 2018-ci ilin avqustuna nəzərdə tutulur.
Tikinti işlərində mindən çox Azərbaycan vətəndaşı çalışır.
“SOCAR Polymer”in müəssisələrində istehsal olunan məhsul ixracyönümlü olacaq və müəssisənin fəaliyyəti nəticəsində ölkəyə ildə təqribən $400 mln. həcmində valyuta axını təmin olunacaq.