Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 helikopteri neftçilərin axtarışına cəlb edilib. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
“Hazırda“Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri də Xəzər dənizində axtarış-xilasetmə işlərində iştirak edir”, – deyə məlumatda bildirilir.
Bununla yanaşı, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.
Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Bir neftçinin meyiti ötən gün tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Interfax