“BP-Azerbaijan” şirkəti 2017-ci ildə Səngəçal terminalında profilaktik işlər həyata keçirməyi planlaşdırır, bu dövrdə yataqdan qaz hasilatı dayandırılacaq. Bu barədə bu gün jurnalistlərə şirkətin vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
“Gələn il biz Səngəçal terminalının “Şahdəniz” yatağından qazın qəbul edilməsi üçün mövcud qurğuların təftişi və yeni qurğuların quraşdırılması üçün nəzərdə tutulan seksiyasında profilaktik işlər həyata keçirməyi planlaşdırırıq. İşlərin aparıldığı dövrdə “Şahdəniz”dəki platformadan hasilat dayandırılacaq”, – deyə B.Aslanbəyli “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, hasilatın dayandırıldığı müddətdə hasilat platformasında da müəyyən profilaktik işlər aparılacaq.
“Profilaktik işlərinin aparılacağı dövrdə müvafiq olaraq “Şahdəniz” yatağından Gürcüstan və Türkiyəyə qaz ixracı da dayandırılacaq”, – deyə o qeyd edib.
Vitse-prezident vurğulayıb ki, profilaktik işlərin aparılacağı tarix hələ dəqiqləşdiriləcək.
“Profilaktik işlərin aparılması 2017-ci il üzrə iş proqramında nəzərdə tutulub”, – deyə B.Aslanbəyli əlavə edib.*