Azərbaycan, Materiallar

Azərbaycan və Polşa xam neftin daşınması ilə bağlı razılığa gəlib

Varşavada Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

railway_albomAzərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 18-21 dekabr tarixlərində Polşanın paytaxtı Varşava şəhərinə səfər edib.

Səfərin məqsədi Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının keçirilməsi olub. Hökumətlərarası Komissiyanın 7-ci iclasının açılış mərasimindən öncə komissiyanın hər iki tərəfdən həmsədrləri Azərbaycanın energetika naziri N.Əliyev və Polşa Baş nazirinin müavini, inkişaf və maliyyə naziri Mateuş Moravietski arasında görüş keçirilib. Görüş zamanı iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Hökumətlərarası Komissiyanın plenar iclasında çıxış edən N.Əliyev Azərbaycanın iqtisadi potensialı, kənd təsərrüfatı, təbii və coğrafi şəraiti, turizm imkanları, qeyri-neft sektorunun inkişaf prioritetləri, xarici investisiyaların cəlb edilməsi, yerli sahibkarlığın inkişafı üçün görülən tədbirlər, neft və kimya sənayesi, yaradılmış sənaye və texnoloji parklar, Azərbaycanın da fəal iştirak etdiyi beynəlxalq layihələr, o cümlədən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı-Tiflis-Qars dəmir yolu və s. haqqında iştirakçılara ətraflı məlumat verib. İclasın sonunda həmsədrlər Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekun protokolunu imzalanıb.

Hökumətlərarası Komissiyanın başa çatmasından sonra baş tutmuş biznes görüşlərin açılış mərasimində çıxış edən energetika nazir N.Əliyev Azərbaycanın xarici investisiyalar üçün açıq ölkə olduğunu vurğulayaraq, Polşa şirkətlərinin investisiya yatıra biləcəyi sahə və layihələrin olduqca çox olduğunu bildirib. O, Polşa şirkətlərini Azərbaycana dəvət edib. Hökumətlərarası Komissiyanın iclası çərçivəsində AZPROMO və Polşa İnformasiya və Xarici İnvestisiyalar Agentliyi, Polşa İnkişaf Fondu, Polşa Sahibkarlığın İnkişafı Agentliyi, İxrac Kreditlərinin Sığortalanması Korporasiyası, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı təqdimatla çıxış ediblər.

Sonra hər iki ölkənin özəl sektor nümayəndələri arasında biznes görüşlər təşkil edilib, faydalı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi istiqamətində ilkin təmaslar həyata keçirilib. Bu çərçivədə SOCAR rəsmiləri Sarmatiya layihəsi üzrə polşalı tərəfdaşları ilə uğurlu danışıqlar aparıblar. SOCAR Trading ilə Polşanın neft şirkəti olan Lotos arasında keçirilmiş görüş zamanı Polşaya xam neftin nəqli, bu ölkənin şimalında yerləşən Qdansk şəhərindəki dəniz terminalına isə LPG və LNG məhsullarının çatdırılması ilə bağlı aparılmış danışıqlarda razılıqlar əldə edilib.

N.Əliyev Polşaya səfəri çərçivəsində həmçinin, Polşanın energetika naziri Kşıştof Txujevski, Polşa Prezidenti Administrasiyasının xarici siyasət üzrə naziri Kşıştof Şçerski, xarici işlər nazirinin müavini Marek Jilkovski, inkişaf nazirinin müavini Tadeuş Koşçinski, energetika nazirinin müavini Mixal Kurtıka və Mazovetski vilayətinin voyevodası Zdislav Sipiera ilə ikitərəfli görüşlər keçirib. Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov görüşlərdə iştirak edib.

Trend