logo

Azərbaycan qazını manata sataq, ya lirəyə?!

Views: 230

Türkiyə milli valyutanın-lirənin dollar qarşısında kəskin ucuzlaşmasının qarşısını almaq üçün geniş kampaniya başladıb.

Virtualaz.org xəbər verir ki, prezident Ərdoğan əhalini və iş adamlarını “yastıq altındakı dollarları” çıxarıb TL-yə dəyişməyə çağırıb. Prezident bu kampaniyanı başladanda özü də 200 min dollarını lirəyə dəyişdiyiyini elan edib. Ərdoğanın 200 min dolları TL-yə dəyişdiyini maliyyə naziri Mehmet Şimşek parlamentdə bildirib və qəbz də nümayiş etdirib. Lakin müxalifətdən olan millət vəkilləri qəbzin tarixinə baxmaq istəsələr də nazir buna icazə verməyib.

Hər halda Türkiyədə dollarlardan imtina kampaniyasının geniş yayıldığı müşahidə olunur və Ərdoğanın çağırışından sonra bəzi vətəndaşlar hətta dollarlarını nümayişkarənə şəkildə yandırıblar. Baş nazir Binəli Yıldırım elan edib ki, Ərdoğanın başlatdığı kampaniya nəticəsində “yastıq altından çıxarılan 10 milyard dollar” TL-yə dəyişdirilib. Doğrudur, bu kampaniya dolların bahalaşmasının qarşısını almaqda o qədər də effekt verməyib, Türkiyə milli valyutası cüzi dəyər qazansa da yenidən ucuzlaşmağa başlayıb.

Dollara qarşı digər mübarizə üsulu isə Türkiyənin bəzi əsas xarici ticarət tərəfdaşları ilə hesablaşmalarda milli valyutalara keçilməsi təklifidir. Ankara belə təkliflə birinci Rusiyaya müraciət edib və baş nazir Binəli Yıldırımın Moskvaya səfəri zamanı məsələ müzakirə olunub.

Enerji və təbii ehtiyatlar naziri, prezident Ərdoğann kürəkəni Berat Albayrak isə “Sabah” qəzetinə müsahibəsində deyib ki, Türkiyəni bağlı qapılar arxasında dollarla təhdid edənlər var. Lakin Türkiyə bundan qorxmur və həmin qüvvələrin planlarını pozmaq üçün daha bir addım atır-enerji daşıyıcılarının idxal olunduğu əsas ölkələrlə danışıqlara başlayıb alınan təbii qazın pulunu milli valyuta ilə ödəməyə hazırlaşır. Albayrakın sözlərinə görə, Türkiyə artıq Rusiyadan aldığı təbii qazın pulunu TL ilə ödəmək üçün müzakirələrə başladığını, bütün müvafiq strukturların bu istiqamətdə çalışdığını deyib.

Xatırladaq ki, Türkiyə təbii qazı əsasən Rusiya, İran və Azərbaycandan alır. Azərbaycan Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə bu ölkəyə ildə “Şahdəniz-1”dən hasil edilən 6 milyard kubmetrə qədər qaz satır. 2019-cu ildə işə düşməsi planlaşdırılan TANAP qaz boru kəməri isə “Şahdəniz-2”dən Türkiyəyə daha 6 milyard kubmetr qaz çatdırmağı nəzərdə tutur.

Hələlik Türkiyənin dollardan asılılığı azaltmaq üçün Azərbaycana da alınan qazın pulunu TL ilə ödəməyi təklif edib-etmədiyi məlum deyil. Lakin belə təklif gəlsə belə onun qəbul ediləcəyi çox az ehtimalla mümkündür. Çünki qaz və neft ixracından əldə olunan valyuta Azərbaycanın demək olar ki, yeganə valyuta mənbəyidir. Məhz dünya bazarlarında enerji daşıyıcılarının kəskin ucuzlaşması Azərbaycanda valyuta qıtlığına və sonda manatın kəskin dəyər itirməsinə səbəb oldu. İndi Azərbaycan Türkiyəyə satdığı qazın pulunu dollarla deyil, TL ilə alsa bu, nə dərəcədə düzgün addım olardı?

F.Məmmədov

Comments: 0

0

Your Cart