Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası “Şahdəniz” yatağının işlənməsi layihəsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycana $1 mlrd. kredit ayırıb. Bu barədə bankın dekabrın 7-də açıqlanan məlumatında deyilir.
“AİB-in Direktorlar Şurası dekabrın 7-də “Şahdəniz” qaz yatağının 2-ci mərhələsinə dəstək üçün $1 mlrd. məbləğində kredit ayırıb. Kredit vəsaitlərinin “Şahdəniz” yatağında hasil edilən təbii qazın ixracından əldə olunan gəlirlərin artırılması və əlavə iş yerlərinin açılması hesabına Azərbaycanın fiskal mövqeyinin yaxşılaşdırılması və layihənin maliyyələşdirilməsi üzrə ölkənin səylərinin dəstəklənməsinə yönəldilməsi planlaşdırılır”, – deyə məlumatda qeyd edilir.
Maliyyə dəstəyinə “Cənub Qaz Dəhlizi” (CQD) QSC üçün özəl sektora $500 mln. vəsaitin ayrılması və əlavə $500 mln. məbləğində kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət CQD tərəfindən cəlb edilən kommersiya kreditlərinə aiddir.
“Azərbaycan iqtisadiyyatının əsas məqsədlərindən biri olan “Şahdəniz” layihəsinin genişləndirilməsi ölkənin uzunmüddətli gəlirlərini təmin etməyə və Avropaya qaz ixracının şaxələndirilməsinə xidmət edəcək”, – deyə AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O`Sallivan bildirib.
“AİB-in dəstəyi özəl sektor üçün iqtisadi imkanlar yaratmağa, minlərlə iş yerinin açılmasına, eləcə də Azərbaycanın qonşu və Avropa ölkələri ilə əlaqələrinin daha da inkişafına kömək edəcək”, – deyə o vurğulayıb.
Hazırda “Mərhələ-2”nin dəyəri $23,8 mlrd. təşkil edir. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2020-ci ildə başlanılacaq.
“Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 3600 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.
İnterfax.az