Azərbaycan, Materiallar

2016-cı il iqtisadi göstəricilərinə görə Azərbaycanı 2007-yə apardı…

Bəs 2017-ci ilin yekununda Azərbaycan yaddaşlarda necə qala bilər?

neft-statistikaİki gündən sonra 2016-cı il başa çatır. O yaddaşlarda necə qalacaq? Biz bu ildə nələri itirdik, qazandıqlarımız nələr oldu və qarşıdan gələn 2017-ci ildə bizi nələr gözləyir? 

Təəssüf ki, yola salmağa hazırlaşdığımız 2016-cı il iqtisadi  geriləmələrlə başa çatır.

2005-ci ildən sonra  ilk dəfə olaraq iqtisadiyyatımızda real geriləmələrlə üz-üzə qalırıq. Yaranmış vəziyyətin bizdən aslı olmayan obyektiv səbəbləri ortadadır.

Ümumi Daxili Məhsulun ABŞ dolları ilə ifadədə 2007-ci ilin səviyyəsinə düşməsi, yəni onun 2,2 dəfə azalaraq 2014-cü ildəki 75,2 milyard  dollardan 33,6 milyard dollara enməsi ilk növbədə dünya bazarlarında neftin qiymətlərinin kəskin azalması ilə bağlıdır.

Əslində, manat ifadəsində Ümumi Daxili Məhsulun həcmində ötən illə müqayisədə baş verən 4% geriləmə böhran dövrü yaşayan və qısa zaman kəsiyində böyük həcmdə valyuta gəlirlərindən məhrum olan bir iqtisadiyyat üçün adi qəbul edilməlidir. Lakin bizim iqtisadi və maliyyə durumumuzda məsələnin mahiyyəti bir qədər fərqlidir.  

Ölkədə postneft dövrünə hazırlıqlar tam başa çatmamış neftin qiymətlərinin birdən birə 3-4 dəfə aşağı düşməsi ciddi fəsadlar yaratdı. Yaranmış vəziyyətdə daha ciddi problemlər, ölkənin bank sistemində baş verdi. 2015-ci ildə milli valyutanın iki kəskin devalvasiyası və son devalvasiyadan keçən bir il ərzində onun əlavə olaraq 20%-ə qədər dəyər itirməsi, bank sektorunu ağır bir duruma saldı və bunun nəticəsi olaraq 11 bank öz fəaliyyətini dayandırmalı oldu.

Ölkəyə böyük neft pulları daxil olduğu dönəmdə Mərkəzi Bankın apardığı pul-kredit siyasətindəki yanlışlıqların ümumi mənzərəsi isə belədir. Bu günə bütün səviyyədən olan depozitlərin 75,5%, əhalinin əmanətlərinin 81,0%, kreditlərin 46,2% xarici valyutadadadır. 2014-cü ilin son ayları ilə müqayisədə cari ilin sonlarında əhalinin banklardakı manatla olan əmanətləri 3,2 dəfə azalmış, xarici valyutada olan əmanətlər isə 2,3 dəfə artmışdı.

Pul-kredit sisteminin bu səviyyədə dollarlaşması nəticə etibarilə ölkənin bütün maliyyə sistemini xarici valyutadan asılı bir vəziyyətə salıb.

Bütün səylərə baxmayaraq, bu gün manata inam çox aşağı bir səviyyədədir. O, praktik olaraq hər gün dəyər itirir. Bir aydan çoxdur ki, banklar əlbir olub rəsmi valyuta satışını dayandırmaqla bu inamın bir qədər də azalmasına xidmət ediblər. Yaranmış vəziyyətdə bank sistemində adi islahatlar deyil, inqilabi dönüş edə biləcək kəskin addımlar atmaq lazımdır.

Biz bununla bağlı təkliflərimizi bu ilin dekabr ayının 20-də mətbuat səhifələrində yayımlanmış “Böhrandan çıxış üçün ilk öncə maliyyə sabitliyi yaratmaq lazımdır” başlıqlı təhlilimizdə vermişik və bu səbəbdən onları bir daha təkarlamırıq.

Gələn il aparılacaq islahatların uğuru da məhz milli valyutaya olan inamın bərpa edilməsindən və bununla da əldə olunacaq maliyyə sabitliyindən bilavasitə asılı olacaqdır.

Növbəti ilə biz ötən ilin sonlarından başlayaraq bəyan edilmiş post-neft iqtisadiyyatının yaradılmasını təmin edə biləcək ciddi islahatlar toplusu ilə gedirik. Heç şübhə yoxdur ki, bütün bu toplunun baş sənədi, bu günlərdə dövlət başçısı tərəfindən təsdiq edilmiş və iqtisadiyyatın bütün sahələrini əhatə edən  Strateji Yol Xəritəsidir.

Ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən bu sənədin uğurla icrası da ilk növbədə ölkədə maliyyə sabitliyinin yaradılması və bu əsasda həm daxili və həm də xarici investorların iqtisadiyyatın real sektoruna cəlb edilməsindən aslı olacaq.

Bu səbəbdən də növbəti ildə islahatların önündə bank sektorunun əsaslı şəkildə yenidən qurulması dayanmalıdır.

Bir sözlə, bütün səylər ilk növbədə milli valyutanın sabitliyinin bərpa olunmasına yönəlməlidir.

Sabit milli valyuta sabit maliyyə durumu deməkdir. Sabit maliyyə durumu olan yerdə isə investisiyaların davamlı axını mütləq baş verəcəkdir.

Fikrət Yusifov, sabiq maliyyə naziri

strateq.az