logo

SOCAR vitse –prezidenti ilə QAZ müsahibəsi

Views: 28

SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanovla Natural Gas World jurnalı üçün müsahibəyə gedərkən artıq iqlim şəraiti kifayət qədər dəyişmişdi və Bakıda oktyabr ayı üçün ənənəvi bir hava şəraiti deyildi. Ona görə də günün sualından başlamağı  gərara aldım. Digər tərəfdən məsələ heç də təkcə iqlim şəraiti ilə birbaşa bağlı deyildi: bu ilin statistikası əmtəəlik qaz hasilatının azalmasını göstərirdi.

rehman_gQışa hazırlığımız

Azərbaycan yeraltı qaz anbarlarına payış-qış mövsümü üçün qaz tədarükü 2016-cı il 16 oktyabr tarixinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 310 mln kub metr artaraq  2 mlrd 963 mln kub metr təşkil edib, deyə SOCAR vitse-prezidenti bildidi.

Qurbanovun sözlərinə görə, cari ilin yazından SOCAR özünün 2 yeraltı qaz anbarına 1 mlrd 982 mln kub metr qaz vurub. Ötən ildən qalıq qaz həcmi 981 mln kub metr olub.

“Qaradağ” yeraltı qaz anbarında 16 oktyabr tarixində olan qaz qaz həcmi 1 mlrd 627 mln kub metr , “Qalmaz” yeraltı qaz anbarında olan qaz həcmi isə – 1 mlrd 336 mln kub metr təşkil edib.

“Biz noyabrın 1-dək yeraltı qaz anbarlarına qaz vurulma prosesini davam etdirəcəyik. Hesab edirik ki, gündəlik orta hesabla 7-8 mln kub metr qaz vurmaq imkanımız olacaq”, – deyə SOCAR vitse-prezidenti bildirmişdi.

Bakıdan 75 km cənub-şərqdə yerləşən “Qalmaz” yeraltı qaz anbarı 1955-ci ildə, paytaxtdan 25 kilometr cənub-şərqdə yerləşən “Qaradağ” yeraltı qaz anbarı isə 1954-cü ildə istismara verilib. Bunlar hər ikisi əvvəllər neft yataqları olub.

“Azəri-Çıraq-Günəşli”-də qaz hesabına göslənilməz neft fontanı

SOCAR vitse-prezidenti bildirib ki, bu ilin 9 ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından Azərbaycana verilən səmt qazının həcmi 1,98 mlrd kub metr təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu həcm 700 milyon kub metrdən çox azalıb. Belə bir addım AÇG-dəki neft quyularına daha çox səmt qazı vurmaq hesabına daha çox neft əldə etmək idi və konsorsium bu işin öhdəsindən gəlib – 9 ayda 23,76 mln ton neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ili müqayisədə 190 min ton çoxdur.

burug-socarQeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın pik səviyyəsi 2010-cu ildə qeydə alınmışdı – gündəlik 823,1 min barel və ya illik 40,6 mln ton. Ondan sonra hasilat daim azalırdı. Nəhayət, BP və tərəfdaşları 2016-cı ildə ilk dəfə olaraq, az da olsa, artırmaq imkanı qazanıblar. Və bu məsələdə qaz faktorunun böyük rolu var.

“Şahdəniz” layihəsi rekordlara imza atır

“Şahdəniz” yatağı isə yeni nailiyyətlərə imza atır”, deyə Qurbanov sözünə davam edib. 2016-cı ilin 9 ayında BP və tərəfdaşları müqavilə sahəsindən 8,021 mlrd kub metr qaz hasil ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 800 milyon kub metrdən çox artım deməkdir (7,2 mlrd kub metr olmuşdu). “Şahdəniz-1” layihəsi çərçivəsində orta sutkalıq hasilat 29,3 milyon kubmetr təşkil edib, baxmayaraq ki, cari ilin qış aylarında bu göstərici 30 milyon da olmuşdu”, deyə SOCAR vitse-prezidenti bildirib.

Azərbaycan daxili bazarda yaranan qaz kəsirini 2007-ci ildən başlayaraq “Şahdəniz” layihəsi çərçivəsində çıxarılan qazın bir hissəsi hesabına həll edir. Məhz bunun nəticəsi olaraq Azərbaycan 2000-ci ilin oktyabrından Rusiyadan idxal etdiyi qaz həcmlərini tam dayandırmağa nail olmuş və qaz ixracatçısına çevrilmişdi.

Cari ilin doqquz ayında Şahdənizdən yerli bazara 2,64 mlrd kub metr qaz alınıb. Bu, Şahdəniz-in “Mərhələ-1” layihəsi çərçivəsində hesabat dövründə satışa çıxardığı həcmlərin 32,9%-ni təşkil edib. Məhz bu səbəbdən də cari ilin iyunundan Dövlət Neft Fonduna Azərbaycanın payına düşən mənfəət qazı daxil olmur (bundan öncə isə $64 mln). Azərbaycan ona çatacaq mənfəəti “Şahdəniz-1”-dən qazın alınması ilə əvəzləyir.

SOCAR-ın hasilatı

Bundan əlavə SOCAR-ın öz balansında olan yataqlarından hasil etdiyi əmtəəlik qaz hasilatı (“Azneft” İstehsalat Birliyi üzrə) 400 mln kub metr azalaraq 4,22 mlrd kub metr təşkil edib. Bunun obyektiv səbəbləri var. Belə ki, 2015-ci ilin dekabrında “Günəşli” yatağında 10 N-li platformadakı qəza nəticəsində (iki ay müddətində platformada yanğın baş vermişdi – red.)  hasilat tam dayandırılmışdı. Platformanın bərpası və yenidən işə salınması yalnız iyul ayında baş verdi, ancaq hasilatın tam bərpası gələn ilə təsadüf  edəcək. Həmin platformadan isə gündəlik olaraq 1 milyon kub metr qaz hasil edilirdi.

Bundan əlavə SOCAR-da əmtəəlik qaz hasilatının azalmasına təsir edən başlıca səbəb istifadədə olan yataqların və layların “qocalmasıdır”. Düzdür, son illər SOCAR “Ümid” kimi iri yataq aşkar edib, “Bulla-dəniz” yatağının dərin qatlarında  iri həcmli qaz layı tapıb. Hazırda onların mənimsnilməsi üçün quyuların qazılması prosesi gedir, hasilatın stabilləşməsi, daha sonra artımı üçün isə zamana ehtiyac var, deyə Qurbanov izah edib.

Qaz ixracı

SOCAR vitse-prezidenti bildirib ki, 9 ayın nəticələrinə görə, SOCAR Gürcüstana 715,9 mln kub metr qaz ixrac edib.

İran üzərindən swap-əməliyyatlarla Naxçıvan Muxtar Respublikasına qaz ötürülməsi isə 167,3 mln kub metr olub. Ancaq bu zaman Naxçıvana daxil olan real qaz həcmləri 163,7 mln mln kub metr təşkil edib.

“İran Azərbaycan qazının ötürülməsi üçün özünün xidmətlərini 15% həcmində dəyərləndirir. Ancaq bu həcmlər müqabilində tranzit haqqi buna uyğun deyil. Bu isə ondan əmələ gəlir ki, biz vaxtilə İrana əlavə qaz həcmləri verirdik. Həmin həcmlərdən isə boru kəmərlərinin təmiri, hər hansı-fors-major hallarında istifadə edilirdi. İndiki günə İranda depozit qaz kimi 72 mln kub metr qazımız var. Qaz infrastukturu hazırda yaxşı vəziyyətdədir. Ona görə də həmin həcmlərdən müəyyən səviyyədə tranzitin ödənməsi üçün də istifadə edilməsi məqsədəuyğun sayılıb”, – deyə Qurbanov vurğulayıb.

İlham Şaban

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart