Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da rəsmi səfərlə Bakıya gələcək.
Artıq Lukaşenkonun Bakı səfərinə ciddi hazırlaşdığı hiss edilir: o, yerli və xarici KİV-lərə müsahibələrində Azərbaycan haqda kifayət qədər xoş sözlər söyləyir, onun prezidenti İlham Əliyevlə dostluğunu bildirir və Bakınını dar gündə dost yanında olan ölkə olduğunu belarusların yadından çıxartmadığı xüsusilə vurğulayır.
Belarusun neft və qaz ölkəsi olmasa da, ancaq 2016-cı ildə növbəti iqtisadi çətinliklərlə üzləşdiyini bildirirlər. Belə ki, ölkənin əsas qazanc mənbələrindən biri Rusiya neftinin ucuz qiymətə idxal olunaraq ölkədə emalı və neft məhsullarının əsasən uzaq xaricə ixrac edilməsindən əldə edilən gəliri idi. Qeyd etmək gərəkdir ki, Belarusdakı Mozır neft emalı zavodu 2010-cu ildən Avro-5 standartlarında yanacaq istehsal edir. Ancaq cari ilin I yarımilliyində xam neftin qiymətlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 30% ucuclaşması səbəbindən Minskin Rusiyadan aldığı xammal müqabilində ixrac etdiyi məhsuldan qazancı kəskin azalmağa başladı (38%).
Rəsmi Minsk bunu görcək Moskvadan aldığı qazın qiymətinin iki dəfəyədək endirilməsini tələb etməyə başladı ($138-dan $75-dək). Nəticədə qaza görə görə ödəmələri vaxtında ödəmələri yubandırdı. Bunun əslində real səbəbləri başqa idi. Minsk başa düşürdü ki, Moskva qazın qiymətində bu qədər endirim etməyəcək və onun da neft məhsullarından əldə etdiyi gəlirlər hazırkı qiymətlər şəraitində artmayacaq. Siyasi rəhbərliyin qarşısında duran əsas vəzifə ölkədəki sabitliyi qoruyub saxlamaq üçün lazımi idxal səviyyəsini təmin etmək idi. Nəticədə cari ilin 9 ayının nəticələrinə görə, dəyər ifadəsində idxal ixracı 2 milyarddan çox üstələdi.
Kreml isə artıq daha ciddi-cəhdlə $280 milyon qaza görə yığılmış borcunu ödəməyi tələb edir.
Lukaşenko para tapa bilmədiyindən Rusiya bu ilin ortasından ona güzəştlə satdığı neftin həcmlərini yavaş-yavaş azaltmağa başlayıb.
Minskdə isə bundan çıxış yolu kimi hələ 2010-cu ildəki kimi Bakının imkanlarından yararlanmaq inkanlarını düşünürlər. O zaman Bakı Belarusa gözlənilmədən aşağı faizlə $200 mln uzunmüddətli kredit vermişdi.
Lukaşenko isə görünür Bakını tərifləməklə artıq bir balaca özünü “tuta” bilib: noyabrın əvvəllərində Supsadan Odessaya, oradan isə dəmir yolu ilə Mozır NEZ-na 630 min barel Azərbaycana ACG-dən çatmalı olan mənfəət nefti Belarusa göndərilib.
Ancaq bilinmir ki, həmin neft hansı qiymətə satılıb. Təbii ki, Belarus hökuməti London birjasındakı qiymətə neft almağa qalsaydı – elə Rusiyanın pulunu verib ürəyi istəyən qədər neft alardı, çünki Rusiyanın Urals markalı neft Brent-dən təqribən 2 dollar ucuzdur. Bizim Azeri Ligth isə Brentdən 1-1,5 dollar bahadır. Demək, Azərbaycan bu neft partiyasını və sonrakı bir-neçə partiya nefti ya “uzunmüddətli kreditə”sənədləşdirir, ya da c-b Lukaşenkonun səfəri zamanı bu ölkədən hökumətlərarası saziş çərçivəsində alınacaq hansısa məhsul və strateji qurğuların ödənməsi üçün barter əməliyyatlarında istifadə edəcək.
İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri