Noyabrın 2-də SOCAR-ın İnsan Resursları Departamentinin rəhbərliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 400 nəfərdən çox tələbə, müəllim-professor heyəti ilə görüşmüşdür.Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdə yüksək səviyyəli kadrların hazırlanması üçün müasir-innovativ tədris vasitələrinin tətbiqindən bəhs etmiş, diplom işi mövzularının, tədris planlarının SOCAR və digər işəgötürənlərin tələblərinə uyğun təşkil olunmasının zəruriliyini diqqətə çatdırmışdır. Rektor Universitetin yeni təcrübə proqramları, startup-layihələri haqqında ətraflı məlumat vermiş, SOCAR ilə ADNSU arasında fəaliyyət mübadiləsinin gələcəkdə yüksək səviyyəli mühəndis kadrlarının hazırlanmasına, sənaye və iqtisadiyyatımızın daha da inkişaf etməsinə şərait yaradacağını vurğulamışdır. SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli çıxışında fəhlə və mühəndis kadrlarının hazırlanması prosesində ADNSU ilə birgə fəaliyyətin zəruri olduğunu bildirmiş, qeyd etmişdir ki, 2005-ci ildə SOCAR-ın nəzdində fəhlə kadrlarına olan ehtiyacın keyfiyyətli ödənilməsi məqsədi ilə fəaliyyətə başlamış təlim mərkəzlərində peşə təhsili üzrə tədris proqramlarının hazırlanmasında və tədris prosesinin həyata keçirilməsində ADNSU-nun professor-müəllim heyəti yaxından iştirak etmişdir. Qeyd olunmuşdur ki, SOCAR və ADNSU-nun timsalında tədris və təcrübə vəhdət təşkil etməlidir və bu keyfiyyətli təhsilin təməlidir. Sonra SOCAR-ın gənclərlə bağlı lahiyələri haqqında video-çarx nümayiş etdirilmişdir.
Daha sonra İRD-nin Təlim və inkişaf şöbəsinin rəisi Tural Məmmədov SOCAR-ın təqaüd proqramları və digər layihələri haqqında geniş təqdimatla çıxış etmişdir. Bildirilmişdir ki, bu il SOCAR-ın Yay Məktəbi Proqramında iştirak etmiş 18 iştirakçıdan 7-i, Daxili Təqaüd Proqramının qalibi olmuş 77 tələbədən 47-si, Ödənişli Yay Təcrübəsi Proqramında iştirak etmiş 104 tələbədən 64-ü ADNSU-nun tələbəsi olmuşdur. Bundan başqa, ADNSU-nun məzunlarından 225 nəfər təcrübə tələb etməyən vakansiyalara, 177 nəfər təcrübə tələb edən vakansiyalara SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən təşkil olunan şəffaf və obyektiv müsabiqələrdən keçərək, SOCAR-a işə qəbul olunmuşlar. Görüş iştirakçıları tələbələrin suallarını ətraflı cavablandırmışlar. ADNSU-nun əlaçı tələbələrinə SOCAR-ın simvolik korporativ hədiyyələri təqdim olunmuşdur.
www.socar.az